Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstanın xüsusi təyinatlı döyüşçüləri terrorçular tərəfindən ələ keçirilmiş aerportun azad edilməsi üçün birgə əməliyyatı məşq ediblər.
Unikal.org xəbər verir ki, təlimlər Türkiyədə, Eğirdir gölü sahilində keçirilib. "Commando Ex 2016" birgə hərbi təlimləri Eğirdir Dağ Komando Mərkəzi Komandanlığında təşkil edilib. Təlimləi Türkiyə quru qoşunlarının tədris  və doktrina komandanı, ordu generalı Kamil Başoğlu və digər yüksək rütbəli komandirlər izləyiblər.

Cəmi 136 xüsusi təyinatlının iştirak etdiyi təlimlərin ssenarisinə əsasən komandoslar beynəlxalq humanitar yardım əməliyyatının həyata keçirilməsi və BMT karvanlarının hərəkətini təmin etmək üçün terrorçuların ələ keçirdiyi aerporta hücum başlayıb. Hücumun birincə mərhələsi aerportun yerləşdiyi ərazinin sahil nöqtəsini nəzarət altına almaq olub. Sahilə yaxınlaşan komandoslar rezinq qayıqlarda səssiz-səmirsiz hərəkət edərək fərqli nöqtələrdə terrorçuların postlarını zərərsizləşdiriblər.
Bunun ardınca terrorçuların hava hücumundan müdafiə batareyaları zərərsizləşdirilib, eyni zamanda təpənin üzərindən səssiz şəkildə enən komandoslar terrorçuların atsiya stansiyasını ələ keçirib, növbətçi terrorçuları zərərsizləşdirərək onların digər terrorçu qruplarla əlaqəsini kəsib. Daha sonra əsas qüvvələr aeroporta qəfil hücum edərək obyekti ələ keçiriblər.


Təlimlərin əsas hissəsinin başa çatmasından sonra komandoslar müxtəlif tapşırıqlar üzrə öz qabiliyyətlərini nümayiş etdiriblər. Onlar plçıqlı və bataqlıq ərazidə irəliləyib, su üzərində alovlar çıxan platformanın altından keçib, yüksək nöqtələrdən gölə atılıblar və suyun altı ilə üzərək sahilə çıxıblar. Təlimlər zamanı komandoslar çətin çoğrafi şərtlərdə sağ qalmaq sınaqları da veriblər. Bu zaman onlar qurbağa, ilan, bildirçin kimi heyvaların ovlanması, təmizlənərək bişirilməsi qabiliyyətlərini də nümayiş etdiriblər. Bolqarıstandan olan komandir pişmiş qurbağanın ayağını təlimi izləyənlərin qarşısında yeyərək qidanın dadlı olduğunu deyib.
Xatırladaq ki, bu son günlər Azərbaycan və Türkiyə hərbçilərinin birgə iştirak etdiyi üçüncü hərbi təlimdir. Mayın sonlarında İzmirdə keçirilən çoxmillətli hərbi təlimlər döyüş şəraitinə maksimum yaxınlaşdırılıb və bir neçə gün davam edib. Daha sonra Azərbaycan və Türkiyə qüvvələri Naxçıvanla sərhəddə birgə təlimlər keçiriblər. Azərbaycan ordusunun Türkiyə ordusu ilə birgə keçirdiyi təlimlər Ermənistanda narahatlıqla izlənilir. Aprelin əvvəllərinə gedən döyüşlərdə Azərbaycan ordusunun xüsusi təyinatlı bölmələri ermənilərin müdafiə xəttini cəmi bir saata yarmışdı və onlarla döyüş mövqeyini ələ keçirmişdi.