Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün "Qanun" nəşriyyatının yerləşdiyi əraziyə gəlib.
Unikal.org-un xəbərinə görə, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər. Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, axtarış aparmaq üçün hər hansı sənəd təqdim etmədiklərinə görə, onlar binaya buraxılmayıblar.
Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanov bildirib ki, hazırda hadisə yerindədir: "Polis binanı əhatəyə alıb. Onlar bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olub, lakin axtarış aparmaq üçün heç bir hüquqi sənəd təqdim olunmayıb. Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb".