Bakıda işdən evə gedən gənc oğlanın başına iş gəlib.
Binəqədi rayonunda yaşayan 1991-ci il təvəllüdlü Kərimzadə Pərviz Məmməd oğlu evlərinin yaxınlığında sahibsiz itlərin hücumuna məruz qalıb.
25 yaşlı gənc itlərdən qaçmağa çalışsa da, sahibsiz heyvanlar onu bud nayihəsindən dişləyib. Xoşbəxtlikdən ərazidən təsadüfən keçən bir həkim P.Kərimzadəyə ilk yardım göstərib və dərhal onu xəstəxanaya, quduzluğa qarşı peyvənd etməyə yönləndirib. Zərərçəkmiş təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Pərvizin atası Məmməd Kərimzadənin sözlərinə görə, oğlu evə gec gəldiyi üçün narahat olublar. Zəng edəndə isə onun xəstəxanada olduğunu eşidiblər.
Atanın sözlərinə görə, hazırda oğlunun vəziyyəti yaxşıdır. Ona bir ay ərzində 5 dəfə quduzluğa qarşı iynə vurulmaldır.
Xatırladaq ki, ötən ay Zaqatala rayonunda baş verən bənzər hadisə ölümlə nəticələnib. Sahibsiz heyvanın dişlədiyi 3 uşaq anası, Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova yerləşdirildiyi Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.
Müayinə zamanı məlum olub ki, it qadını bir ay öncə dişləyib. lakin o həkimə müraciəet etməyib. (ans)