Şəkidə baş verən iki yol qəzasında üç nəfər xəsarət alıb.
İyunun 11-i axşam saat 23:00 radələrində rayonun Baş Şabalıd kəndi ərazisində Baş Şabalıd kənd sakinləri olan 1945-ci il təvəllüdlü İslam Şükür oğlu Bəkirovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1993-cü il təvəllüdlü Təbriz Teymur oğlu Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.
Qəzadan sonra xəsarət alan hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, qəza nəticəsində daxil olan yaralılara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Digər yol qəzası iyunun 12-i saat 02 radələrində Şəkiyə giriş yolunun 8-ci kilometrliyində baş verib. Şəki şəhər sakini 1992-ci il təvəllüdlü İlkin Nazim oğlu Məmmədov idarə etdiyi "Saipa" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Məmmədov Şəki RMX-ya aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, İ. Məmmədova döş qəfəsinin və qarın boşluğunun küt travması, bud sümüyünün sınığı dioqnozu qoyulub. Qarın boşluğundan aldığı küt travma ilə əlaqədar İ. Məmmədovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İ. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hər iki faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində və Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.(APA)