"Siz ancaq sizi sevənləri sevsəniz, bunun kimə nə xeyri olar ki?"
Tanınmış jurnalist Eldəniz Elgün Roma Papasına müraciət ünvanlayıb.
Unikal.org həmin müraciətin olduu kimi təqdim edir:
"Hörmətli Papa həzrətləri! Həzrəti İsanın dediyi bu sözlərlə başlayıram Sizə müraciətimi. Sizin Roma Papası olaraq insanlara sevgi aşılamağınız Vatikanın dünyada gücünü daha da artırdı. Sevgi və Ümid işığını Roma Papası olaraq 12 günahkarın ayağını öz əllərinizlə yuyub öpəndən sonra daha da gücləndirdiniz. Elə bu ruhla Sizə müraciət edərək, iki günahsız insanın həyatını xilas etməyinizi xahiş edirəm. Bunu yalnız Siz, içi inamla zəngin Roma Papası edə bilər. Söhbət Ermənistanda məhbəsdə inləyən mənim soydaşlarımdan, iki günahsız Azərbaycan vətəndaşından - Şahbaz Qulyev və Diqəm Əsgərovdan gedir. Adı çəkilən hər iki mülki şəxs 2014-cü il iyulun 11-də hazırda işğal altında olan Azərbaycan respublikasının Kəlbəcər rayonuna keçərək, öz dədə-baba qəbirsanlıqlarını ziyarət etmişdilər. Məhz bu məqamda Ermənistan ordusu tərəfindən girov götürülən hər iki şəxs uzun müddətdir ki, işgəncələr altında girovluqda saxlanılır. Tək günahları isə budur ki, hər iki şəxs ata-anasının, doğmalarının məzarlarını ziyarət etmək istəyiblər. Sizcə hansı dində qəbir ziyarət etmək cinayət sayılıb, cinayət sayılır. Özü də heç bir sərhəd qanununu pozmayaraq, vətəndaşı olduğu öz dövlətinin ərazisində.
Bu günə qədər beynəlxalq təşkilatların çox saylı müraciətlərinə baxmayaraq, bu günahsız insanları azad etmək mümkün olmayıb.Yaxın zamanlarda isə Siz onların girov saxlandığı Ermənistana səfər edəcəksiniz. Bilin ki, Yerevan küçələrində addımlayanda hər iki şəxsin imdat (yalvarış) dolu baxışları Sizi hər dəqiqə, anbaan izləyəcək. Sizə uzatdıqları əllərindən tutub o bataqlıqdan çıxarılacaqlarını gözləyəcəklər.
Bu səbəbdən Sizə müraciət edirəm ki, xristian dünyasının bir lideri olaraq hər iki azərbaycanlının, adi, mülki insanın girovluqdan, əsirlikdən azadlığa buraxılmasını tələb edəsiniz. ƏMİNƏM Kİ, (Hesab edirəm ki,) bu səfəriniz zamanı iki günahsız insanı ölümdən, girovluqdan azad etsəniz, BÜTÜN İNSANLIQ SİZİN ƏLLƏRİNİZDƏN ÖPƏCƏK. (Tanrı Sizi qorusun.) Bu yolda Tanrı köməyiniz olsun.
Dərin hörmətlə: Jurnalist ELDƏNİZ ELGÜN"