"Təklif edirəm ki, yumşaq devalvasiya olsun, birbaşa kəskin devalvasiya olmasın ki, sonradan problem yaranmasın. Amma neftin qiyməti 40 dollardan aşağı düşərsə, manat üçün çox ciddi problem yarana bilər".
Unikal.org bildirir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Dünya Bankının manatın taleyi ilə bağlı verdiyi proqnoza münasibət bildirərkən deyib. Onun sözlərinə görə, manatın təzyiq altında olması bir faktdır: "Neftin qiyməti kəskin aşağı düşəndə əlbəttə, təzyiq daha da artır. Ona görə də hökumət, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası fiskal siyasəti qoruyub saxlamağa çalışırlar. Ancaq neftin qiyməti aşağı düşərsə, manatın məzənnəsində müəyyən problemlər yarana bilər. Son vaxtlar manatın məzənnəsində müəyyən dəyişikliklər var. Yəni 1,49 məzənnəsindən 1.51-ə qalxıb. Yəni yumşaq devalvasiya sistemindən istifadə etməklə, hökumət bunu həll etmək istəyir.
Mən təklif edirəm ki, yumşaq devalvasiya olsun, birbaşa kəskin devalvasiya olmasın ki sonradan problem yaranmasın. Amma neftin qiyməti 40 dollardan aşağı düşərsə, manat üçün çox ciddi problem yarana bilər. Ancaq mən üçüncü kəskin devalvasya gözləmirəm. Bu templə yumşaq devalvasiyaya getsələr, üçüncü devalvasiya olan deyil.
Amma neftin qiyməti kəskin aşağı düşərsə, əlbəttə hər şey ola bilər. Düzdür, son günlər ixracatda kənd təsərrüfatı məhsullarının hesabına artım yaranıb. Amma bu o qədər də ciddi təsir etməsə də, gözləntilər var ki, ixracda müəyyən artımlar olacaq. Ancaq manatın məzənnəsini qoruyub saxlayan əsas neftin qiymətidir".