Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahından oğurluq olub.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, AMİP-in baş katibi və sədr əvəzi Arzuxan Əlizadə polisə ərizə ilə müraciət edərək partiyanın Binəqədi rayonu Ə. Naxçıvani küçəsi 39 ünvanında yerləşən qərargahından müxtəlif sənədlərin və məişət əşyalarının oğurlandığını bildirib.
Araşdırmalar zamanı hadisənin Nicat İsmayılov tərəfindən törədilməsi müəyyən edilib.
A. Əlizadə APA-ya açıqlamasında faktı təsdiqləyib. Qeyd edib ki, artıq hadisəni törədən şəxs barəsində cinayət işi başlanıb. O, həmçinin bildirib ki, hadisə baş verən ofisdə partiyanın Binəqədi təşkilatı yerləşir: "Həmin ofisi biz icarəyə götürmüşük. Sonradan məlum oldu ki, ofisi özəlləşdiriblər və bizə xəbərdarlıq etmədən ora müdaxilə edib, partiyaya məxsus arxiv sənədləri götürüblər. Biz də məsələnin hüquqi müstəvidə həll olunmasına qərar verdik".