Etibar Pirverdiyev cəzalandırılacağı vaxt məlum oldu
Etibar Pirverdiyev cəzalandırılacağı vaxt məlum oldu
"Azərenerji" prezidentinin bu vəzifədə bir il ömrü qalıb

Ötən həftə Mingəçevirdə İstilik Elektrik Stansiyasında ildırım vurması nəticəsində ölkənin enerji sistemində baş verən qəza bəzi çatışmazlıqları üzə çıxardı. Mütəxəssislər diqqəti qəza zamanı xüsusi obyektlərin də işıqsız qalmasına yönəldirlər.
Haşiyə: qeyd edək ki, Mingəçevir İstilik Elektik Stansiyasını ildırım vurması nəticəsində 4 enerji paylayıcı blokunun sıradan çıxması ilə ölkənin 40 faizi bir neçə saat elektrik enejisiz qalmışdı.
Bəli, baş vermiş qəza nəticəsində ölkənin böyük hissəsinin işıqsız qalması elektrik enerjisi təchizatında təhlükəsizlik sisteminin düzgün işləməməsi məsələsini gündəmə gətirir. İqtisadçıların hesablamalarına görə, son illərdə elektrik enerjisi istehsal edən strukturlara təqribən 3,5 milyard dollar, elektrik paylayıcılara isə 1 milyard dollara yaxın investisiya qoyulub.
Sabiq deputat, iqtisadçı Nazim Məmmədov isə bildirib ki, "Azərenerji" ASC ilə Paylayıcı Elektrik Şəbəkəsi arasında münasibətlərin düzgün qurulmaması və idarəetmənin təkmil olmaması nəticəsində təxirəsalınmaz obyektlərdə saatlarla elektrik enerjisinin verilməməsi yolverilməzdir.
Ekspert bildirib ki, təxirəsalınmaz obyektlərin özünün enerji təminatı, paylayıcı elektrik şəbəkəsi olmalıdır: "Müharibə şəraitində olan ölkəyik. Hətta 70 faiz işığın olmaması ucbatından elektrik enerjisinin bütün ölkə üzrə 30 faizi kifayət edərdi ki, Azərbaycanın bütün təxirəsalınmaz obyektlərini davamlı elektrik enerjisi ilə təmin etsin".
"Azərenerji" Səhmdar Cəmiyyəti isə hələ də inad və israrla özünə bəraətqazandırıcı bəhanələr istehsal etməklə məşğuldur. Qəzadan bir neçə gün sonra qurum rəsmisi Osman İlyasov deyib ki, ildırımdan mühafizə 100 faizlik mühafizə demək deyil: "Müəyyən faiz ildırımın birbaşa vurması ehtimalı var. Bu hallar mövcuddur. Qalan hallarda əlbəttə ki, xətlərdə elektrik stansiyaları mühafizə olunur. "Azərenerji"nin qış mövsümündə əhalini enerji ilə təmin etməsi üçün tam əminliklə demək olar ki, heç bir problem olmayacaq".
Bir daha vurğulayaq ki, bunlar Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun özünü məsuliyyətdən kənarda qoymaq üçün bəhanələrdir və ictimai fikri rahatlada bilməz. Odur ki, ortaya çıxan son bir neçə ildə bir neçə dəfə baş verən ölkə miqyaslı işıq böhranlarından sonra Pirverdiyevin indiki görəvindən alınmasının aktuallaşmasıdır. Artıq heç bir şübhə qalmayıb ki, onun rəhbərliyi altında "Azərenerji" işində ciddi dönşlər yaratmağa qadir deyil, üstəlik, bu azmış kimi, Səhmdar Cəmiyyət öz fəaliyyətində ilbəil geri gedir.
Bu fikirlərimizi bölüşən məlumatlı mənbə deyir ki, artıq hökumət kulislərində də tibar Pirverdiyevdən ciddi narazılıq var: "Təkcə "Azərenerji"ilə də məhdud deyil məsələ. Ona tapşırılan bir çox layihələri uğursuz yerinə ytirməsi də Səhmdar Cəmiyyət sədrinə etimadı azaldıb. Artıq iqtidar içində 2013-cü il prezident seçkilərindən sonrakı dövrdə formalaşdırılacaq yeni hökumətdə Etibar Pirverdiyevə yer olmayacağı, "Azərenerji"nin yeni ələ tapşırılacağı kimsədə şübhə doğurmur".
Pirverdiyevin yeni vəzifəsində uzağı bir il qalacağını deyən mənbə əlavə edir ki, burada bir istisna var: "Əgər qış mövsümündə "Azərenerji" daha bir iri çaplı "ÇP"yə imza atarsa, ölkə miqyaslı işıq böhranı yaşanarsa, bu dəfə Etibar Pirverdiyevə əsla rəhm edilməyəcək və o heç prezident seçkisindən sonrakı dövr gözlənilmədən görəvindən alınacaq".
Azər Aslan