Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zabil Salmanov ifadə verib. O, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını, onların azadlığa buraxılmasını istədiyini deyib və ona dəymiş maddi ziyanın ödənildiyini bildirib.
Proses iyunun 17-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq sədri R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs qəti imkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. Martın 4-də A.Məmmədovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail Rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs qəti imkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.