Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov büdcədənkənar vəsait məsələsinə öz sərt münasibətini bildirib.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, parlamentin növbədənkənar iclasında çıxışı zamanı millət vəkili büdcədənkənar vəsait anlayışının onun üçün qaranlıq qaldığını qeyd edib: "Büdcədənkənar vəsait anlayışı nədir, Ziyad müəllim bunu mənə bir başa salsın. Axı belə bir anlayış yoxdur. Xüsusilə də son illər icra hakimiyyəti başçıları bildirirlər ki, guya rayonlarda hansısa işləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Ay kişi, göydən dollar yağmır ki? Hansı pulla bunu həyata keçirirsən? Bu işlər hamısı dövlət vəsaiti hesabına həyata keçirilir.

Ümumiyyətlə, bu məsələyə kim qarantiya verə bilər, siz Ziyad müəllim, buna qarantiya verə bilərsinizmi ki, şəffaflıq qorunacaq? Ona görə bu məsələni aradan qaldırmaq lazımdır. Belə bir anlayış hansı ölkədə var? Türkiyədə, Gürcüstanda hansında var? Heç birində yoxdur. Bu şəffaflığın pozulması deməkdir. Çünki belə vəsaiti heç Hesablama Palatası da yoxlaya bilmir. Bu vəsaitlərin necə və hansı şəkildə xərcləndiyini müəyyən edə bilmərik".