Zaqatalada 6 gün əvvəl baş verən ağır yol qəzasında ağır xəsarət alıb komaya düşən 20 yaşlı qız xəstəxanada ölüb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicə alan, rayonun Qazangül qəsəbə sakini, 1996-cı il təvəllüdlü Zöhrə Nəzir qızı Hacıyeva iyunun 15-i günorta saatlarında ölüb.
Qeyd edək ki, iyunun 9-u Yevlax-Zaqatala- Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu, Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində Şəki rayon sakini Mayis Sadıqovun idarə etdiyi "Mercedes" markalı, 10 UE 011 dövlət nömrə nişanlı minik avtomobil Zaqatala rayonunun Qımır kənd sakini, 1991-ci il təvəllüdlü İntiqam Allahverdi oğlu Bəkirovun idarə etdiyi "VAZ-21 06" markalı, 62 BX 076 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdu.
Nəticədə "VAZ 2106"da olan sərnişin Zaqatala rayon Qazangül qəsəbə sakini 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölmüşdü. Pərixan Hacıyevanın bu gün xəstəxanada ölən nəvəsi Zöhrə Hacıyeva və digər beş nəfər yaralı Zaqatala RMX-a yerləşdirilmişdilər.
(apa.az)