Sabunçu rayon, Savalan qəsəbəsinin sakini Samirə Mikayılova əri Mikayılov Yasin Mirzə oğlu tərəfindən öldürülüb.
Unikal.org xəbər verir ki, bu barədə aznews.az-a mərhumun atası Sabir İsmayılov məlumat verib. Onun sözlərinə görə, hadisə martın 23-də baş verib. Sabunçu rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Samirə Mikayılovanın ölüm faktıyla bağlı rəy verib. 

Rəydə mərhumun bədənində 3 gün əvvələ aid izlər müəyyən edildiyi yazılıb: "Morqun həkimi Seyid Aslanla şəxsən görüşdüm. Dedi ki, həmin gecə meyiti özüm müayinə etmişəm. Meyitin başına küt alətlə vurulub, qansızma var. Həkim rəyində yazıb ki, qızın bədənindəki qançırlar ölümündən 3-4 gün əvvələ aiddir. Lakin ölümündən az əvvəl başında, ürəyində, ciyərində və böyrəyində və mədəaltı vəzində travmalar yaranıb. Qançırlar olan şəkillərin hamısını da göstərdi. Lakin rəydə həm də zəhərlənmə faktının olduğu qeyd olunub. İndi isə həkimi sıxışdırırlar. Deyirlər guya, istintaqın sirrini açıb. Mən qızımın başına gələn şeydən xəbərsiz olmalıyam?"

S.Mikayılovanın ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda 126.3-cü maddəylə cinayət işi açılıb. Ölüm faktında təqsirli bilinən Yasin Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Mikayılovların 2 - 3 və 5 yaşlarında oğlu var. S.İsmayılovun sözlərinə görə, hadisə baş verən zaman evdə kənar adam olmayıb. Yasin Mikayılov izahatında yoldaşının divandan yıxıldığını bildirib. Onun ailəsi isə iddia edir ki, qız zəhərlənib: "Əvvəl dedilər ki, guya qızım "Nurofen"dən (Ağrıkəsici dərman, adətən uşaqlar üçün istifadə olunur - red.) dərmanından dən zəhərlənib, sonra bir soyuqdəymə dərmanının adını çəkdilər ki, ondan ölüb. Dərman zəhəri adamı 1 saata öldürməz axı. Yox, əgər çox atıbsa, demək ki, onu özünüöldürmə həddinə çatdırıblar. Bunlar araşdırılmalıdır".

Qızının zəhərlənmədən ölmədiyi və onu ərinin öldürdüyü fikrində olan ata Sabunçu rayon Prokurorluğuna yollanıb. Prokurorluqda isə zəhərlənmə faktının daha üstün olduğunu deyiblər. S.İsmayılov prokurorluğun böyük müstəntiqi Ceyhun Hümbətovun cinayət işini zəhərlənmə faktı ilə ört-basdır etmək istəyindən şübhələrək, Respublika Prokurorluğuna şikayət edib: "Sabunçu rayon Prokurorluğunda işi zəhərlənmə adıyla bağlayıb, qızımın ölümünə səbəb olan ərinin günahsız olduğunu sübut etmək istəyirdilər. Ona görə şikayət etdim. İş oradan alınıb Bakı Şəhər Prokurorluğuna verildi. Hazırda cinayət işinə müstəntiq Hafiz Əliyev baxır".

Sabir İsmayılov bəzi məqamların qaranlıq olduğunu deyib: "Məni maraqlandıran odur ki, əgər, qızım xəstələnmişdisə, niyə bizim xəbərimiz olmayıb? Zəng vurub ailəsinə xəbər verəydilər.

İkincisi, niyə hadisə olan kimi təcili tibbi yardıma məlumat verilməyib və xəstəxanaya taksi ilə aparıblar? Sabunçu ilə Savalanın arası çox azdır. Lakin Sabunçu xəstəxanasına deyil, Maştağa xəstəxanasına aparılıb. Maraqları nə imiş? Bütün bunlar müəmma olaraq qalır".

Mərhumun atası qızının ailəsində hər zaman problemlər olduğunu, onun əri tərəfindən öldürülməsinin heç bir şübhə doğurmadığını əlavə edib: "2010-cu ildə ailə qurublar. Ailələrində problem var idi. Bizimlə əlaqə saxlamağa icazə vermirdilər. Adi telefonla danışmağa belə qoymurdular. Dəfələrlə qızımı vurmuşdu. Yoldaşımı götürüb gedib qızımı gətirmək istəyirdim, amma qız özü qoymurdu. Deyirdi nə vaxtsa düzələcək. 6 il ərzində 2 dəfə gəlmişdi bizə. Son dəfə martda gəlmişdi. Martın 21-də ad günü idi, zəng etdim, təbrik etdim, 23-ü qızım öldü".

Sabir İsmayılov bildirib ki, yaxın günlərdə prezident İlham Əliyevə məktub ünvanlayaraq, ondan zəhərlənmə adıyla qızının qanını batırmağa çalışan bəzi məmurların cəzalandırılması, işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edəcək.