Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün saat 17-00-da Rüfət Səfərovu istintaqa dəvət edib.
Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.
Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.