"O jurnalist özünü dəlioğlanlığa vurub, haqqında ən azı 15 məhkəmə işi var"
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov medianı məsuliyyətli olmağa dəvət edib. Unikal.org-un Modern.az-a istinadən xəbərinə görə, parlamentdə insan haqları ilə bağlı dinləmələrdə çıxış edən Əli Həsənov bu yaxınlarda onunla bir nazirin arasında olan dialoq haqqında danışıb.
"Bu günlərdə bir nazir mənə zəng edərək qəzetlərdən birində onun təhqir olunduğunu bildirdi. Həqiqətən də həmin yazı başdan-ayağa böhtan idi. Mən də ona təklif etdim ki, məhkəməyə müraciət etsin. O da dedi ki, "işimi gücümü atıb məhkəməyə müraciət etməyəcəm ki…".
Prezidentin köməkçisi sonradan həmin jurnalistin adının daha 15 məhkəmə işində hallandığını bildirib.
"Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var. Nə edək, bu adam özünü dəlioğlanlığa vurub. Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi, jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir"-deyə Əli Həsənov bildirib.