Bu gün Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinin rəsmi açılış mərasimi keçirilib.
Unikal.org Apa-ya istinadən məlumat verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində baş tutan tədbirdə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim boks dünyasının əfsanəsi Məhəmməd Əlinin ruhunun 1 dəqiqəlik sükutu ilə başlayıb. Ardınca yarışda iştirak edən ölkələrin bayraqları və nümayəndələri zala dəvət olunub.
 
Mərasimdə iştirak edən K. Heydərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan boksunun zəngin tarixə malik olduğunu bildirib: "Ümummilli liderimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmana, gənc nəslin sağlamlığına ciddi fikir verirdi. Bunun sayəsində ölkəmizdə idman sürətlə inkişaf etməkdədi. Sevindirici və fərəhləndirici haldı ki, ulu öndərimizin layiqli davamçısı İlham Əliyev də idmana böyük diqqət ayırır. Azərbaycanın idmanında son illərdə gedən inkişaf boksa öz təsirini göstərir. Təlim-məşq bazaları, boksçularımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar buna nümunədi. Azərbaycan boksu zəngin tarixə malikdi. Bunu mənimsəyən boksçularımız öz iradələri ilə yüksək nəticələr əldə edirlər. Buna görə də boks ölkəmizdə sevimli idman növünə çevrilib. Beynəlxalq turnirlərinin Bakıda keçirilməsi artıq xoş ənənəyə çevrilib. I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkili bütün bunlara əyani sübutdu. Dünya Olimpiya Təsnifat Turnirinə də Bakı ev sahibliyi edəcək".
 
ABF prezidenti belə bir mötəbər yarışı Azərbaycana həvalə etdiyi üçün AİBA rəhbərliyinə təşəkkürünü bildirib. K. Heydərov bu cür mötəbər yarışların təşkili ölkəmizdə boksun populyarlaşmasına daha yaxşı təkan verəcəyinə inam ifadə edib: "İdmançılara uğurlar, azarkeşlərə yaddaşlardan silinməyəcək yarış arzu edirəm". 
 
A. Rəhimov yarışın Rio Olimpiadası öncəsi sonuncu böyük turnir olduğunu qeyd edib. AİBA-ya Azərbaycana etimad göstərdiyi üçün minnətdarlıq bildirən nazir deyib ki, ölkəmizdə keçirilmiş böyük yarışlar bu turnirin də möhtəşəm alınacağına imkan yaradır: "Azərbaycan artıq idman ölkəsinə çevrilib. Təbii ki, bu, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyi və idmana diqqəti olmadan həyata keçə bilməzdi. Hər gün, hər ay, hər il ölkəmizdə yarışlar keçirilir. Rio Olimpiadasında da iştirak edəcək idmançılarımızdan uğur gözləyirik. Bütün idmançılara gərgin mübarizədə qələbə sevinci arzu edirəm. Qoy, ən güclü qalib gəlsin".  
 
Yarışın əhəmiyyətindən və Azərbaycanda idmanın bu növünün sevilməsindən danışan Çinq Ko Vu yarışın təşkili üçün Azərbaycan Boks Federasiyasına təşəkkür edib: "Bu tədbiri sizinlə birlikdə keçirdiyim üçün qürur duyuram. Yaxın dostlarımla birgə olmaq mənim üçün böyük şansdı. Azərbaycan artıq bu kimi bir neçə böyük yarışlar keçirib, inam qazanıb. Azərbaycan Boks Federasiyasının prezidenti cənab Kəmaləddin Heydərova, AİBA-ya üzv federasiyalarının nümayəndələrinə dərin təşəkkürümü bildirirəm. Bu yarışda 400-ə yaxın idmançı iştirak edəcək. Olduqca böyük turnirdi".
 
O, bu yaxınlarda İsveçrənin Lozanna şəhərində yarışların baş geyimsiz keçirilməsi məsələsinin müzakirəsindən də danışıb. Qurum rəhbəri bildirib ki, hazırda bu yenilik qüvvədə olmaqla yanaşı, Bakıdakı yarışda da tətbiq olunacaq: "Rio Olimpiadasında da bu, belə davam edəcək. Belə müvəffəqiyyətlər əldə etmək üçün milli federasiyalarla birgə işləməliyik. Bu yarışı da dopinqsiz, tam şəffaf şəkildə keçirməliyik. Bütün boksçulara uğurlar arzulayıram".
 
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turnirinə 105 ölkədən 469 boksçu mübarizə aparacaq. Yığmamız 7 çəki dərəcəsində Olimpiadaya lisenziya qazandığından yarışda ölkəmizin idman şərəfini 3 boksçu - Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) qoruyacaq. Turnirdə ümumilikdə Rio üçün 39 vəsiqə öz sahibini tapacaq. 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəki dərəcələrində ilk "beşlik", 49 kq-da finalçılar, 91 kq və +91 kq çəki dərəcəsində isə çempion Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.