Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanına (Maliyyə Bazarlarına Nəzarət Palatası - red.) haqların ödənilməməsinə görə cəza müəyyənləşib.

Unikal.org xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib: "Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimə edilir.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq.