ABŞ-da Harvard Universitetini bitirən ən gənc azərbaycanlı magistr dissertasiyasını "ASAN Xidmət" haqqında yazıb.
Unikal.org xəbər verir ki, həmyerlimiz Əlikram İsayev magistr dissertasiyasını "ASAN xidmət"ə həsr edərək bu innovativ ictimai xidmət modelini nəinki ABŞ-ın, hətta dünyanın ən məşhur ali təhsil ocaqlarından biri sayılan Harvard Universitetində təfərrüatı ilə tanıdıb. "ASAN Xidmət"in fəaliyyəti ilə yaxından tanış olan amerikalı alimlər bu xidməti yeni model kimi dərsliklərə də əlavə etməyi təklif ediblər.
Magistr dissertasiyanın təqdimatı zamanı "ASAN Xidmət"in cəmiyyətə faydalılığı və şəffaflığı amerikalı alimlərin marağına səbəb olub. Onlar bunu hətta universitetin dərslik proqramına salınmasını da düşünürlər. "ASAN Xidmət"in dissertasiya olaraq Harvard Universitetində təqdimatından sonra həm həmin universitetdəki, həm də Massaçusets ştatının digər universitetlərinin professorları innovativ xidmət modeli kimi "ASAN" modelindən öz mühazirələrində geniş istifadə ediblər.
Qeyd edək ki, Əlikram İsayev "2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın xətti ilə Harvard Universitetinin Con Kennedi məktəbinin İctimai siyasət fakultəsinin magistraturasında təhsil alıb.