Bu gün Azərbaycanda dövlətin sosial siyasətinin mahiyyəti iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifah halını yüksəltməyə yönəltmək olduğunu aydın şəkildə seyr edirik. Bu prinsip hər il daha geniş miqyasda davam etdirilir. Qeyd etmək lazımdır ki, son illərdə dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə bu sahədə qarşıya qoyulmuş vəzifələr əvvəlki sürətlə davam etdirildi. Əminliklə deyə bilərik ki, Prezident Cənab İlham Əliyevin liderliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən bir iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin mövcudluğu Azərbaycanda hökm sürən iqtisadi və siyasi sabitliyin davamlı xarakter daşımısını özündə ehtiva edir.
Ümumilikdə, bütün bunların nəticəsidir ki, ölkəmizdə xalq-iqtidar birliyi möhkəmlənib. Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizdə aparılan siyasi, sosial-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər təşkilatların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, dayanıqlı sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.
Bu gün Azərbaycan gəncliyi ölkədə aparılan uğurlu siyasəti yaxından izləyir və iftixar hissi ilə dəstəkləyir. Azərbaycan xalqının böyük bir hissəsini təşkil edən Azərbaycan gəncliyi dövlətin qayğısını daim öz üzərində hiss edir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. - gənclərə olan münasibətini belə ifadə edən Prezident Cənab İlham Əliyevin bu yüksək etimadı qarşısında Azərbaycan gəncliyi olaraq vətənin inkişafı üçün səylə fəaliyyət göstərməli, öz siyasətində biz gənclərə arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmaq üçün çalışmalıyıq.
Tamerlan Əkbərov
Fəal gənc, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat xidmətinin rəhbəri