UNEC-də “Bilik əsaslı iqtisadiyyatda institusional amillər: Dövlət müəssisələrinin korporativ idarə edilməsi” mövzusunda II Forum keçirilib.
Unikal.org xəbər verir ki, Forum Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi, Empirik Mərkəz Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı və Dünya Bankı Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
Təbdirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Naqvi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, müvafiq nazirlik, dövlət və özəl müəssisələrin nümayəndələri iştirak ediblər.
Forumun açılışında çıxış edən rektor Ədalət Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin müsbət nəticələr verdiyini bildirərək, iqtisadi inkişafın davamlılığının və dayanıqlığının təmin edilməsi, əhalinin rifahınıın daha da yaxşılaşdırılması istiqamətində islahatların uğurla davam etdiyini deyib. Həmin islahatların vacib elementlərindən birinin də ölkə iqtisadiyyatında mühüm rol oynayan dövlət müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi ilə bağlı olduğunu vurğulayan rektor, müzakirələrin forumda bu istiqamətdə aparılacağını vurğulayıb: “Dünyanın bir çox ölkələrində ölkə iqtisadiyyatında mühüm rol oynayan dövlət müəssisələri idarəetmədə və ortaya qoyduğu nəticələrdə özəl sektorla müqayisədə bir sıra hallarda rəqabətədavamlı olmurlar. Forumun əsas müzakirə predmeti də dövlət müəssisələrində korporativ idarəetmə metodları tətbiq etməklə idarəetməsinin təkmilləşdirməsidir”.
UNEC-də ölkə iqtisadiyyatının qarşısında duran məsələlərin müzakirəsinə akademik baxış ortaya qoyulduğunu deyən Ə.Muradov müzakirələrdə eyni problemlərlə üzləşən və həmin problemləri uğurla həll edən ölkələrin təcrübəsinin bölüşdürüləcəyini, universitetlə real sektor arasında ölkə iqtisadiyyatında mövcud olan məsələlərin birgə müzakirəsinin aparılacağını qeyd edib. Müzakirələrin nəticəsi olaraq təkliflərin hazırlanacağını bildirib.
Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzinin direktoru, dosent Altay İsmayılov UNEC-də Universitet-Dövlət-Sənaye (UDS) platformasının yaradıldığı barədə məlumat verib. Bildirib ki, U-D-S platformasının yaradılmasının məqsədi innovativ inkişafa zəmin hazırlayan akademik mühiti, dövlət və iş dünyasını bir araya gətirərək səmərəli müzakirə mühiti təmin etməklə sinerji dəyəri formalaşdırmaqdır. O, UNEC-in U-D-S uçbuçağında akademik sektora düşən vəzifəni öz üzərinə aldığını qeyd edib.
İİTKM-nin direktoru Vüsal Qasımlı ölkə başçısının dövlət müəssisələrinin korporativ standartlarının tətbiqi ilə bağlı imzaladığı sərəncama diqqət çəkərək, yeni standartların hazırlandığını və Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini bildirib. Yeni standartların tətbiqi ilə bağlı tədbirlər planına ehtiyac olduğunu deyən V.Qasımlı UNEC-də Universitet-Sənaye-Dövlət üçbucağının vəhdətində bu cür müzakirələrin aparılmasının faydalı olacağını bildirib. Dünya Bankı və UNEC-in U-S-D platformasının korporativ standartlarla bağlı idarəetmədə ən yüksək istinad mənbəyi olduğunu diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Naqvi mövzunun aktuallığından bəhs edərək, əsas diqqətin dövlət müəssisələrinin ölkə iqtisadiyyatına verdiyi töhfələrə yönəldilməli olduğunu deyib. Xarici və daxili investorların əsasən ölkə iqtisadiyyatında maliyyə vəsaitlərinin idarə olunmasına və dövlət müəssisələrindəki şəffaflığa önəm verildiyindən söz açan N.Naqvi UNEC-də təşkil olunan müzakirələrin dövlət müəssisələrinin resurslarının effekitv istifadə olunması və idarəetmədə şəffaflığın artırılması istiqamətində tədbirlərin görülməsinə böyük dəstək olacağını qeyd edib.
Tədbirdə Dünya Bankının Gürcüstan Nümayəndəliyinin mütəxəssisi İrina Gordeladze “Dövlətin dövlət müəssisələrinin direktorlar şurası və rəhbərliyi ilə münasibətləri”, Dünya Bankının Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Tural Camalov “Dövlət müəssisələrində maliyyə intizamı”, UNEC Empirik Tədqiqatlar Mərkəzinin Direktoru Xətai Alıyev “Dövlət müəssisələrində idarəetmə keyfiyyətinin fiskal dayanıqlılığa təsiri” mövzularında çıxış ediblər.
Çıxışlardan sonra suallar cavablandırılıb.