Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, mllət vəkili Cavid Osmanov Ağdaş rayonunun Ağzıbir kəndində sakinlərlə görüş keçirib.
Unikal.org xəbər verir ki, görüş iştirakçıları Cavid Osmanovu yüksək əhval ruhiyyə ilə qarşıladılar. Görüşdə çıxış edən millət vəkili Cavid Osmanov son 15 il ərzində ölkədə görülən işlərdən, əldə olunan uğurlardan danışdı. Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan millət vəkili bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı.
Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən yeni 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır. Dövlət başçısının da dediyi kimi, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da ölkəmiz yalnız inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək. İyunun 18-də dövlət başçısının imzaladığı Sərəncamla minimum əməkhaqqının məbləğı 250 manata çatdırılıb. Bu qərar sentyabrın 1-də qüvvəyə minəcək. Belə bir qərarın verilməsi çox önəmli bir addımdır. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır. Dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb. Bütün bunlar Azərbaycanın sosial rifah dövləti olduğunu, Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır. Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 71 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir. Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir.
Azərbaycanın hər bir bölgəsi kimi Ağdaş rayonun da son illərdə bu inkişafdan yararlandığını və bunun rayonumuzun gündəlik həyatında da hiss olunduğunu qeyd edən Cavid Osmanov ölkədə kənd yollarının yenidən qurulması, təhsil ocaqlarının əsaslı və cari təmir işlərinin həyata keçirilməsi və eləcə də Ağdaş ərazisindən çəkilən Ləki-Qəbələ dəmir yolu xəttinin rayon üçün əhəmiyyətindən söhbət açdı.
Görüşdə çıxış edənlər – Alış Cəfərov, Ceyran Əhmədova və Eynulla Əhmədov bildirdilər ki, ölkəmiz doğurdan da son dövrlər sürətli inkişaf mərhələsinə qədəm qoyub və ölkədə insanların sabitlik, əmin-amanlıq şəraitində yaşaması, dövlət tərəfindən bütün problemərin zamanında həll edilməsi onların ürəyincədir. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını və bundan sonra da onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.
Sonda seçiciləri maraqlandıran suallara millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.