Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib.
Unikal.org xəbər verir ki, Forumda ictimaiyyət nümayəndələri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar və tələbələr iştirak edib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov Bakıdan sonra Gəncə şəhərində keçirilən beynəlxalq forumun əhəmiyyətindən danışıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olduğunu bildirib. Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq Ermənistanın təcavüzə son qoymamması cənubi Qafqaz regionunda o cümlədən dünyada artan risklər və təhdidlərə ciddi təkan verir. O, həmçinin bildirib ki, danışıqlar prosesini uzatmağa çalışaraq qeyri-konstruktiv mövqe sərgiləyən işğalçı Ermənistan, beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymayaraq öz çirkin siyasətini davam etdirir.
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının müavini Vəfa Abbasova Forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edərək, bu kimi beynəlxalq Forumların ölkədə və ölkə xaricində keçirilməsinin vacibliyindən danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Forumun əhəmiyyətindən bəhs edib. Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldərək Vəfa Abbasova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir.
Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə "Ermənistan-Azərbaycan Dağlıq Qaranağ münaqişəsinin həllində Beynəlxalq Təşkilatların rolu "mövzusunda məruzə edib. O bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.
AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov "Erməni işğalı və Azərbaycan təhsilinin itirdikləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı apardığı məkrli siyasəti, terrora rəvac verən separatizm meyilləri bölgədə təhlükəsizliyə ciddi zərər vurmaqdadır. Alim həmçinin qeyd edib ki, Erməni təcavüzü nəticəsində həm mədəni irsimizə, həm tarixi abidələrimizə, həm də təhsilimizə sağalmaz yara vurulmuşdur. Məktəblər, təhsil ocaqları dağıdılmış, minlərlə ailə öz el-obalarından didərgin düşmüş, təhsildən, elmdən uzaq düşmüşlər.
BMAM-ın eksperti Rəfail Becanov "Ermənistanın təcavüzkar siyasətinin təsiri və regionda insan hüquqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistanın işğalçılıq siyasətinin, hüquqa zidd əməllərinin fəsadlarına diqqəti yönəltdi. Bir milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının həm ölkəmizə, həm də regiona mənfi təsirindən danışan ekspert Beynəlxalq təşkilatları bu məsələdə həssas və ədalətli qərarlar qəbul etməyə çağırdı.
Gəncə Dövlət Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov "Erməni terrorçuluğu və Cənubi Qafqaza təhdid" mövzusunda məruzə etmişdir. Alim Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan terror siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Asim Məmmədov həmçinin qeyd edib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır.
Yekun məruzə ilə çıxış edən BMAM-ın eksperti Ramin Səmədov "Erməni yalanının dünyada ifşası istiqamətində Azərbaycanın uğurlu xarici siyasəti" mövzusunda məruzəsində diqqəti Azərbaycanın uğurlu xarici siyasətinə yönəldərək, işğala məruz qalmış Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan məqsədyönlü və düşünülmüş xarici siyasətin müsbət nəticələrini Forum iştirakçılarının diqqətinə çatdırdı. Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.