Qubanın dağlıq Buduq kəndində iribuynuzlu mal-qara arasında dabaq xəstəliyi yayılıb və artıq heyvanlar arasında tələfat var. Sakinlərin sözlərinə görə, son bir neçə gün ərzində kənddə 3 baş iribuynuzlu heyvan tələf olub.
Zərər çəkən Gülcamal Vəliyevadeyir ki, rayondan baytar həkimi gəlib: "Həkim gəlsə də bizə dərman verməyib, öz hesabımıza müalicə etmişik, biri tələf olub, qalanları da xəstədir".
Digər zərərçəkən Vüsalə Əzizova deyir ki, bir inəyi ölüb, dağdan atıb: "Nə qədər müalicə eləmişik, kasıb adamıq, axır da belə, bu 3-4 dana inək də ki, belə".
Zərərçəkən Zəminə Kərimova isə deyir ki, bir heyvanı ölüb: "4 –ü də ki, bu dəqiqə xəstədir, aşağıdan həkim gəlib, baş çəkib, heç nə, mallar göz qabağındadır".
Unikal.org ANS Press-ə istinadən xəbər verir ki, əksər tövlələrdə və həyətdə xəstəhal, zəifləmiş xəstə heyvanlara rast gəlib. Sakinlər bildirib ki, heyvanlarda sezilən əlamətlər heyvanların dabaq xəstəliyinə tutulmalarını göstərir.
Məlumat əsasında artıq Buduq kəndində Quba baytarlıq idarəsinin əməkdaşları araşdırmalara başlayıb. Heyvanların kütləvi yoxlanılmasına başlanılıb. Amma xəstəlik nəticəsində tələf olmuş iri buynuzlu heyvanı Vəliyevlər ailəsi kəndin kənarına atıb. Bir gün əvvəl Quba baytarlıq idarəsinin əməkdaşları Buduq kəndində olublar. Amma bu heyvan yandırılmayıb, əslində bu heyvan üçün quyu qazılmalı idi, o, qazılmış quyuda basdırılaraq yandırılmalı idi.
Buduq kəndində iri buynuzlu heyvanlar arasında yayılan virusla bağlı baytarlıq idarəsində hələlik konkret açıqlama verilmir. Verilən məlumata görə, bu kənd qışlaqdan qayıdan mal-qaranın köç yolunda yerləşir, xəstəlik ordan qayıdan heyvanlardan da yoluxa bilər. Digər bir versiya isə intensiv yağışlar nəticəsində rütubətli havadan da xəstəlik yayılma ehtimalıdır.
Zeyid baytarlıq məntəqəsinin rəisi Firudin Həsənov bildirir ki, bu, yağışla əlaqədardır: "Həftələrlə, aylarla bu yağışlar olub, uzun müddət, tədbir görürük".
Quba baytarlıq idarəsinin rəis əvəzi Nadir Becanov isə bildirib: "Bir həftə, 10 gün müddətində soyuq mühit olub, yağış olub, dırnaqlarında çat lar əmələ gəlib, elə bir qorxulu hal, problemli hal yoxdur".
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları da artıq Qubanın Buduq kəndinə ezam olunublar. Xidmətin ekspediyasının əməkdaşı Mehman Şərifov faktı yerində araşdırandan, xəstəliyin mənşəyi və səbəbləri dəqiq məlum olandan sonra bir söz deyə biləçəyini bildirdi. Baytarlar xəstəliyin dabaq olub-olmasını tam araşdırandan sonra açıqlama veriləcəyini deyiblər.