Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrini - ABŞ və Fransanı RF Prezidenti Vladimir Putinin Sankt Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünün nəticələri barədə məlumatlandıracaq.

Bu barədə RİA Novosti Kremldəki mənbəyə istinadən xəbər yayıb.

"Yaxın günlərdə məsələ ilə bağlı telefon danışığı olacaq"-deyə mənbə deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib. Görüşün nəticələrinə dair birgə yazılı bəyanat yayılıb. 

Bəyanata əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev görüşdə əldə edilmiş nəticələr və müzakirələrin detalları haqda Silahlı Qüvvələr günü münasibətilə çıxışında geniş danışıb. (AzVision.az)