Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın barəsində olan bəraət hökmündən dövlət ittihamçısı kassasiya protesti verib. 

Unikal.org xəbər  verir ki, Ali Məhkəməyə müraciət edən prokuror onun cəzalanmasını istəyir. 

Protest hakim Əli Seyfəliyevin icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, ötən il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq törədib. 

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə uşaq bağçasının müdirinə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Protest təmin edilməyib.

Əli Osmanov