"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Belə komanda ilə fəxr edirəm. 10 günə yığılan komandayıq. Xarakter göstərib bacardıqlarını etdilər. Belə oyun üçün 4-5 qol vəziyyəti yaxşıdır. Komandamız hər gün inkişafdadır. 9 gün vaxtımız var. Daha yaxşı çıxış etmə şansımız var. "Daçiya" bizə temp verdi. Qrupa düşəcək komandadır. Hələ ki, şanslar yarıbayarıdır.
- Cavab oyununadək hər hansı mövqe üzərində işləmək lazımdır?
- Oyunu dəyişməyə qadir futbolçularımız var. Daha çox əvəzləmələr yox, taktiki dəyişiklik üzərində işləməliyik.
- Tural Qürbətov necə təsir bağışladı?
- Klubda hər bir səhv sənə baha başa gələ bilər. Qürbətov oyuna tam uyğunlaşmasa da, nə isə edə bilər.
- 60-cı dəqiqədə komandanız dayandı, sona 5 dəqiqə qalmış fəallaşdı...
- Orta sahə oyunçularının yorulması iş əmsalını sıfıra endirdi. Meydana sürətli oyunçular buraxdım.
- Klub prezidentinin baş məşqçi əvəzinə komandaya göstəriş verdiyini görmüsünüz?
- Yadınızdadırsa, bizdə də belə hallar çox olub. Bu, onların işləridir, daxili işlərinə qarışmaq istəmirəm.
- Oyun zamanı Adlan Şişxanovla aranızdakı epizod barədə nə deyə bilərsiniz?
- Başqa futbolçu olsaydı, bəlkə də dava edərdim. Sadəcə, o epizodda oğlum idi. Komandamla fəxr edirəm. Az büdcə, şəraitsizliklə başlarını aşağı salıb işləri ilə məşğuldurlar.
- Gəncədəki oyunda azarkeş rekordu qırsanız da, bu gün çox az şəxs var idi...
- Azarkeşlərimiz 400 km ac-susuz gəlib-gedirlərsə, onların qarşısında baş əyirik. Gəncədə olsaydı, komanda yatan vaxtı onları ayağa durğuzan ruh rolunu oynayardılar.