Əmlak Məsələləri Dövlət Komitəsi torpaq və digər daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyatının sadələşdirilməsi, daşınmaz əmlakların sənədləşdirilərək leqallaşdırılması, eləcə də əmlak sahiblərinin hüquqlarının qorunması ilə bağlı yeniliklərin tətbiqini davam etdirir.
Unikal.org-a daxil olan məlumata görə, hazırda Komitə Azərbaycanın daşınmaz əmlak sektorunda əhəmiyyətli inkişafa səbəb olacaq növbəti böyük layihəni reallaşdırır. Belə ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi həyata keçirilir və yekunlaşmaq üzrədir.
2013-cü ildə start verilən layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.
Nəticədə, həmin bölgədə yaşayan sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – faktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətlər edə bilərlər.
Layihə sayəsində, ilk növbədə, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri müasir texnologiyalar vasitəsilə dəqiqləşib. Gəncə və Şəki əhalisi üçün sənədləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək.
Xatırladaq ki, 2013-cü ildən başlanan layihənin Gəncədə icrası artıq yekunlaşıb və şəhərin mükəmməl elektron kadastr informasiya bazası yaradılıb.
Qeyd edək ki, layihənin icraçısı olan Almaniyanın GFA/GCİ konsorsiumu oxşar layihələri Şərqi Avropa, Bosniya və Hersoqovina, Kosova və Rumıniyada da həyata keçirib. Eyni zamanda, belə layihələr bir sıra Cənubi Amerika və Afrika ölkələrində də reallaşıb.