Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçib.

Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb.

Müsahibə mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.