İran Türkiyənin Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra İstanbul reyslərini təxirə saldı.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə İran Milli Avsiasiya Qurumunun ümumi məsələlər üzrə sədri Rıza Cəfərzadənin verdiyi açıqlamada bildirilir. Açıqlamada bütün təyyarə uçuşlarının növbəti bəyanata qədər təxirə salındığı deyilir.
"Uçuşlarımızın təhlükəsizliyi Türkiyə tərəfindən təmin edilmədiyi təqdirdə Atattürk Hava Limanına hələ ki uçuş həyata keçirməyəcəyik", - deyə dövlət rəsmisi bildirib.
İran mətbuatında yer alan xəbərdə Tehrandan İstanbula uçan bir təyyarə də geri qaytarılıb.
Bu gün THY-dən verilən açıqlamada Türkiyənin Atatürk hava limanında baş verən terror səbəbilə bilet dəyişimi və gedişlərin təxirə salınması ilə bağlı işlər asanlaşdırılacağı bildirilib. Türk Hava Yollarının məlumatına görə, 31 iyul tarixinə qədər bütün qeydiyyat və reys dəyişiklikləri pulsuz həyata keçiriləcək.
Bundan başqa heç istifadə edilməmiş biletlərin ödənişsiz geri qaytarılması da mümkün olacaq. Bilet müddətini uzatmaq istəyən sərnişinlər isə hər hansı ödəniş fərqi olmadan biletin keçərliliyini 31 iyula qədər uzada biləcək. Sərnişinlər səfərə çıxmazdan əvvəl uçuşları ilə əlaqədar son məlumatları THY-nin saytından əldə edə bilər.
Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk hava limanında baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər.
Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti şəhərdə panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub.
Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər.