Hacıbala Abutalıbov Bakını necə Venesiyaya çevirir?
11:23 18-10-2012
CƏMİYYƏT
Hacıbala Abutalıbov Bakını necə Venesiyaya çevirir?
Bu, paytaxtın icra başçısına bir açıq məktubdur!
Sabahınız xeyir, hörmətli Hacıbala müəllim!
Bazar ertəsi ağır gündür və yəqin ki, Sizin işləriniz çoxdur. Ona görə də sizi narahat etdiyim üçün əvvəlcədən üzr istəyirəm.
Ah, məni səmimi-qəlbdən bağışlayın! Mən elə işlə bağlı müraciət edirəm. Bağışlayın ki, elementar normaları gözləməyi unudub, sizin səhhətinizlə maraqlanmadım.
Necəsiniz? Ümid edirəm ki, Sizdə hər şey yaxşıdı. Allah Sizin canınıza sağlıq, qolunuza qüvvət versin.
Əziz Hacıbala müəllim!
Mən anlayıram ki, qızlar arasında dünya çempionatı, Şakiranın konserti, “Gülərgeyt” və Feliks Baumqartnerin rekord sıçrayışı ilə müqayisədə bizim doğma şəhərimizə dünən yağan yağış, tfu, çox xırda məsələdir… Hətta mən bu məsələ ilə bağlı Sizi narahat etdiyimə görə bir az utanıram da. Özü də yağış o qədər də güclü olmayıb - biz bundan daha güclülərini görmüşük. O qədər uzunmüddətli olmayıb - biz daha çox davam edən yağış görmüşük. Və o qədər soyuq da deyil - buzlu yağış - dolu da görmüşük.
Amma mən Sizə “çox sağ ol” demək istəyirəm. Bəli, bəli, məhz “çox sağ ol” demək istəyirəm. Siz, yəqin ki, dünyada yeganə mersiniz ki, şəhər əhalisini darıxmağa qoymursunuz və bizim hər birimizin qayğımıza qalırsınız. Amma bizim vətəndaşlar naşükürdülər və dünəndən Sizi dünyanın ən gözəl sözlərilə “bəzəyirlər”. Fikir verməyin, sizin onlar üçün nələr etdiyinizi anlamırlar. Bizim sakinlərin çoxu məgər Venesiyada olub? Əminəm ki, yox. Amma Sizin sayənizdə biz ildə bir neçə dəfə sehirli çubuğun köməyilə bu möcüzəvi İtaliya şəhərinə “düşürük”. Biz hamımız öz üzərimizdə venesiyalı olmağın nə demək olduğunu hiss edirik. Özü də paytaxtımızdan kənara çıxmadan.
Bəli, hələlik, bizdə qondol (sözə bax ee) yoxdur. Amma Sizin sayənizdə bizim bir çox sakinlərimiz özlərində yeni istedadlar kəşf edirlər: kimsə kiçik gölləri keçmək üçün əlinin altına düşən vasitələrdən istifadə edir, kiminsə ağlına cürbəcür kollajlar, demotivatorlar düzəltmək gəlir və onları sosial şəbəkələrdə yerləşdirirlər. Amma Siz olmasaydınız, onlar bu istedadlarından xəbərsiz qalacaqdılar.
Zəhmət olmasa deyin, bizim sakinlərdən nə qədəri Hollivudda olub, oradakı filmlərin çəkilişlərində isştirak ediblər? Yəqin ki, belələrini barmaqla saymaq olar. Və ya ümumiyyətlə, tapmaq olmaz.
Amma Sizin sayənizdə hər il özümüzü, həqiqətən də, özünü dünyanın sonu barədə filmlərin çəkiliş prosesinin bir hissəsi kimi hiss edirik.
Bizdə qar yağır. Küçəyə çıxırsan, şəhərdə sakitlikdir. Belə şeyə o qədər öyrəşməmişik ki, bir az qorxulu gəlir. Avtomobillər yoxdur. Təkəm-seyrək piayadalar tezliklə bu və ya digər dərəcədə qızdırlan binalarda sığınacaq tapmağa tələsirlər. Yaxınlıqdakı mağazaya girirsən, satıcı deyir, çörək yoxdur, gətirməyiblər. Birtəhər işədək gedib çıxmaq istəyirsən. Gedib çıxa bilmirsən. Demək olar ki, avtobus görünmür. Taksilər ya yoxdu, ya hamısı məşğuldurlar, ya da elə qiymət oxuyurlar ki, bundansa piyada gedib çıxmağın daha yaxşı olacağını anlayırsan.
Budur, sən yaxınlıqdakı metro stansiyasınadək piyada gedirsən. Vicdansız külək üzünə vurur. Tənha tutqun üzlər səninlə birgə dolaşır. Kimsə dəqiqəbaşı sürüşür, yıxılır. Sən də bir neçə dəfə yıxılırsan. Söyürsən, lənətləyirsən… Gedirsən və görürsən ki, şəhərdə həyat sanki sözün hərfi mənasında dayanıb. Elə xoşağəlməz hiss yaranır ki, sanki, Hollivud filmlərindəsən.
Amma bizdə filmdəkilərdən daha yaxşı alınır. Çünki hər hansı 3D effektindən daha realdır. Və pulsuzdur. Hollivuda getməyə də ehtiyac qalmır. Və əsas olan bütün sakinlər və paytaxtın qonaqları üçün bərabər şəraitin yaradılmasıdır.
Və bütün bunlar Sizin sayənizdədir. Çox sağ olun!
Yeri gəlmişkən, icazə verin, hədsiz təvazökarlığınıza görə Sizi məzəmmət edim. Artıq çoxdandır ki, yerli telekanallar Sizi nə üçünsə göstərmirlər və mətbuatda da sizin müsahibəniz gözümə dəymir. Niyə? Nə üçün Siz susursunuz və öz nailiyyətləriniz barədə danışmırsınız?
İnsanlar öz qəhrəmanlarını tanımalıdırlar!
Bax, nə üçün demirsiniz ki, Azərbaycan küçəsindəki (keçmiş Hüsü Hacıyev) asfalt qurumamış, Siz qayğıkeşliklə onu yeniləyirsiniz? Biz yeni bordürlərə öyrəşməmiş siz onları daha keyfiyyətliləri ilə əvəzləyirsiniz. Hələ borular bizdə nə qədər tez-tez yenilənir?! Onlar pasla örtülməyə imkan tapmamış siz qayğıkeşliklə fərman verirsiniz - qazıb, yenilərini quraşdırsınlar.
Bütün bunlara şəhər büdcəsindən pulu necə çatdırırsınız?! Siz qızıl adamsınız, Hacıbala müəllim!
Bu nüşükür şəhərlilər bizim şəhərdə nə qədər çox fəvvarə olduğuna gülürdülər. Sizi o yerə çatdırdılar ki, şəhərin göbəyində şəhərlilərin maraqları və zövqü naminə fəvvarələri yığışdırdınız. İndi bizdə Fəvvarələr Meydanı var, amma fəvvarələrin özü yoxdur. Gör də, adamı nə vəziyyətə çatdırırlar!
Dünyanın bir çox ölkələrində seçkili mer vəzifəsi var. Şəhərlilər öz sahiblərini özləri seçir. Allaha şükür ki, bizdə belə deyil. Niyə? Siz bir təsəvvür edin ki, biz hansısa yoldan keçənin seçkiqabağı şirin nitqinə aldanıb, onu seçərdik, o yaramaz isə, yağış suları sistemini düzəldərdi, qışda isə şəhəri operativ şəkildə qardan təmizləyərdi. O zaman nə baş verərdi? Darıxardıq. Çox darıxdırıcı olardı! Nə Venesiya, nə Hollivud, nə tıxacda ilişib qalanda radioya qulaq asmaq və ya dostlarla telefonla danışmaq imkanı… Bütün bunlar olmazdı.
Bizim də həyatımız bir çox digər ölkələrin sakinlərinin həyatı kimi yeknəsəq və darıxdırcı olardı.
Bundan artıq vaxtınızı almağa cürət eləmirəm, əziz Hacıbala müəllim!
Ümid edirəm ki, Siz, ya köməkçiləriniz və ya heç olmasa, əməkdaşlarınız mənim məktubumu oxuyacaqsınız.
Yox-yox, mən doğma və sevimli şəhərimin adi sakinlərindən biriyəm, heç ümid edmirəm ki, cavab yazacaqsınız. Buna heç ehtiyac da yoxdu!
Özünüzü qoruyun! Siz bizə lazımsınız!
Dərin hörmətlə,
Həmid Həmidov
Digər Xəbərlər
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:50:09
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33