Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov rayonun Yenicə kəndində ilk partiya təşkilatının fəalları və seçicilərlə görüş keçirib.
Unikal.org xəbər verir ki, görüşü giriş nitqi ilə açan Cavid Osmanov qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dünyada inkişaf etmiş ölkələr sırasına daxil olub. Ölkəmizin uğurları beynəlxalq reytinq və hesabatlarda özünü göstərməkdədir. Beynəlxalq hesabatlara nəzərə salsaq ölkəmizin ildən-ilə onlarla pillə irəliyərək daha yüksək nəticələr əldə etdiyinin şahidi olarıq. Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyi baxımından ən mühüm ölkələrdən birinə çevrilib, bu sahədə dövlətimizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycan ən zəngin dövrünü yaşayır. Çünki, bu illər ərzində ölkəmiz həm infrastruktur, həm iqtisadi, həm siyasi, həm sosial, həm də digər sahələrlə bağlı çox böyük uğurlar əldə edib. Əhalinin rifah halı bu illər ərzində dəfələrlə yüksəlib. Bu gün dünya liderləri Azərbaycan Prezidenti ilə hesablaşır. Bu da o deməkdir ki, ölkəmizdə müstəqil və balanslı siyasət uğurla həyata keçirilir.
Cavid Osmanov ölkə başçısı cənab İlham Əliyevin hər zaman ölkə vətəndaşlarını düşündüyünü, onların əmin-amanlıq şəraitində yaşaması üçün çalışdığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın mövcud inkişafı və dünyada artan nüfuzu Azərbaycana qarşı olan bəzi dairələri narahat edir. Bu səbəbdən də anti-Azərbaycan dairələr radikal və anti-milli şəxsləri qrantlar müqabilində ələ alaraq Azərbaycana qarşı aparılan çirkin kampaniyalarda vasitəyə çeviriblər. Oktyabr ayının 19-da radikal müxalifətin keçirməyə cəhd göstərdiyi qanunsuz mitinqə toxunan millət vəkili bildirdi ki, Azərbaycan xalqına, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə xəyanət edən antimilli ünsürlər - AXCP, “Milli Şura”, xüsusən Əli Kərimli başda olmaqla dağıdıcı qüvvələr növbəti dəfə biabırçı uğursuzluğa düçar oldular. Xalqımız bir daha gördü ki, bunların məqsədi dinc mitinq keçirmək yox, təxribat törətməkdir. Həmin antimilli qüvvələr ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi pozmağa cəhd etdilər. Dinc mitinq keçirmək üçün onlara müvafiq yer ayrılmışdı. Amma gördüyümüz kimi, onların məqsədi dinc toplantı keçirmək deyildi. Bunların məqsədi yalnız və yalnız bu gün ölkəmizin iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilməsinə, inkişaf etməsinə, müstəqilliyimizə, əmin-amanlığımıza, sabitliyimizə qarşı ayrı-ayrı insanları cəlb etmək idi. Onlar cəhd etdilər ki, qanunsuz olaraq "28 May" metro stansiyasının qarşısına yığışsınlar. Lakin təbii ki, hər şey Azərbaycan dövlətinin qanunları ilə tənzimlənir və qanuna müvafiq olaraq bu qanunsuz cəhdin qarşısı alındı. Ən əsası isə Azərbaycan xalqı bu satqın insanların çağırışlarına reaksiya vermədilər, oraya toplaşmadılar və bir daha sübut etdilər ki, onlar artıq xalqımızın yaddaşından tamamilə silinib atılıblar. Cavid Osmanov vurğuladı ki, Azərbaycan xalqı heç zaman onları dəstəkləməyəcək. Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər, ancaq onlar bunu başa düşmürlər, çünki onlara diktə edən erməni lobbisi, Azərbaycanı sevməyən qüvvələr var. Bu qanunsuz aksiyada onlar növbəti dəfə xalqımız tərəfindən baykot olundular. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir.
Görüşdə iştirak edənlərdən Əli Lətifov, Şəmil İbrahimov, Gülcənnət Hümmətova, Ayşən Əmirova və Sevinc Səmədova çıxış edərək bildirdilər ki, cənab Prezidentimiz İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir. və onlar bir ağdaşlı kimi bütün bunları çox yüksək qiymətləndirirlər. Çıxışçılar ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən bəhs edərək bildirdilər ki, Azərbaycanı qorumaq, onun müstəqilliyinin və suverenliyinin daimi, əbədi olması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqlarını vurğulayaraq bəyan etdilər ki, partiyamızın hər bir üzvü kimi bizlər də partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və yorulmadan Azərbaycanın firavan gələcəyi üçün çalışan cənab Prezidentimizə hər zaman dəstək olacağıq.
Sonda Cavid Osmanov ona ünvanlanan sualları cavablandırdı, seçiciləri narahat edən məsələləri dinləyib müraciət olunan məsələlərlə bağlı müzakirələr apardı. Bir sıra məsələlər yerindəcə həll edilərək seçicilərə müvafiq izahat və tövsiyələr verildi. Millət vəkili qeyd edilən məsələlərin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılması üçün aidiyyatı qurumlara müraciət olunacağını və qaldırılan məsələlərin müsbət həllinə çalışılacağını bildirdi.