Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycanda dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.
Unikal.org-un xəbərinə görə, iclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 12-yə çatıb.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, “Ana Vətən” Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.
Xatırladaq ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.