“Müğənnilərin iş fəaliyyəti çox mürəkkəb və çətindir. Bu insanların həyat fəaliyyəti və qazancı toy biznesi sayəsində olur. Müğənnilər toylara gedəndə ansamblla gedir. Elə toylarımız olur ki, müğənni ora 15-17 nəfər ansambl üzvləri ilə gedir. Təbii, onların hər birinə pul verilməlidir. 14-15 min vəsaitdən müğənniyə o qədər də pul qalmır”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin büdcə müzakirələri zamanı çıxış edən deputat Novruz Aslanov deyib.
O, həmkarı Qüdrət Həsənquliyevin çıxışına arayış formasında cavab verdiyini bildirib:
“Qüdrət Həsənquliyev ən hörmət etdiyim insanlardan biridir. Mənim cavabım onun çıxışına irad yox, sadəcə olaraq arayış formasındadır.
Bir məqamı da qeyd etmək istərdim. Radioda, televiziyada 3-5 dəqiqəlik qulaq asdığımız mahnılar var. Maraqlıdır, bu 3-5 dəqiqəlik mahnının bir müğənniyə neçəyə başa gəldiyini bilirik?! Deyim ki, bir mahnı 5 mindən 15 minə qədər maliyyə hesabına başa gəlir. Təkcə mahnının aranjimanı 2 min vəsait tələb edir”.