"Təəssüf ki, Oqtay Gülalıyevlə bağlı Heydər Əliyev Fondunun göstərdiyi bu dəstəyi kifayət qədər qiymətləndirməyən qüvvələr peyda oldular. Oqtay Gülalıyevin bir avtoqəza nəticəsində vurularaq komaya düşməsini dərhal siyasiləşdirməyə çalışdılar".
Unikal.org xəbər verir ki, biunu Beşinci çağırış Milli Məclisin deputatı Çingiz Qənizadə Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı Modern.az-a açıqlamasında deyib:
"Çox təəssüf edirəm. Birinin faciəsi üzərində digərləri, xüsusilə, müxalifət və radikal müxalifət dərhal bundan siyasi divident əldə etməyə çalışdı. Bu prosesi təbliğat mənbəyinə çevirərək Oqtay Gülalıyevə qarşı dövlət tərəfindən sui-qəsdin edilməsi kimi fikirlər formalaşdırmağa çalışdılar. Yerində və zamanında Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələnin ağır olduğunu bilərək, onun müalicəsini öz üzərinə götürməsi və Oqtay Gülalıyevi dərhal müalicəsinin Türkiyədə davam etdirilməsi üçün xüsusi təyyarə çağıraraq qardaş ölkəyə göndərməsi, bu cür insanların arzusunu ürəyində qoydu. Çox təəssüf ki, bundan sonra da müxtəlif vasitə və variantlarla bu cür humanist işə kölgə salmağa çalışdılar. Oqtay Gülalıyevin ailə üzvlərinə qədər gedib çıxaraq müxtəlif fikirlərin formalaşması üçün onlardan istifadə etməyə çalışdılar. Ağır durumda olan bir ailənin üzvlərindən də istifadə etməyə çalışan qüvvələr var. Bu, nankorluqdur. Nankorluğun ən iyrənc formasıdır. Onu qeyd etmək istəyirəm ki, bu günlərdə Heydər Əliyev Fondu tərəfindən ona kömək göstərilməsi ilə bağlı yeni qərarın qəbul olunması və prosesin davam etdirilməsi yenə də çirkin məqsədlərdən istifadə edən insanların arzusunu ürəyində qoydu. Bu cür yalançı siyasi divident əldə etmək istəyən nankor və gözü kor adamlar uzun illərdir ki, Oqtay Gülalıyevlə bir yerdədirlər".