Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli torpaqşünas alim, AMEA-nın müxbir üzvü, professor Kazım Əbdülmanaf oğlu Ələkbərovun 110 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq “Azərbaycan torpaq eroziyası elmi istiqamətinin yaradıcısı və inkişafında əvəzsiz xidməti olan alim” mövzusunda məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, Kazım Ələkbərov Azərbaycanda torpaq eroziyası sahəsində kompleks elmi-tədqiqat işlərinin təşkilatçısı və rəhbəri, torpaq eroziyasına qarşı mübarizə və münbitliyinin qorunub saxlanılması üzrə elmi nailiyyətlərin fəal təbliğatçısı olub.

Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Babayev “AMEA-nın müxbir üzvü Kazım Ələkbərovun elmi və elmi-təşkilati fəaliyyəti” adlı məruzə ilə çıxış edib. Akademik çıxışında qeyd edib ki, Kazım Ələkəbərovun torpaq eroziyası sahəsində əvəzsiz xidmətləri olmuş, bu sahənin Azərbaycanda ilk tədqiqatçısı olaraq elmi məktəb yaradıb.

Tədbirdə çıxış edən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitututun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Kazım Ələkbərovun Azərbaycanın torpaq örtüyünün tədqiq edilməsində böyük xidmətlərindən danışıb. Sonda alimin oğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək tədbirin təşkili üçün AMEA-nın rəhbərliyinə və keçirilməsində zəhməti olmuş hər kəsə öz dərin təşəkkürünü bildirib.

Tədbirdə AMEA-nın vitse prezidentləri - akademik İbrahim Quliyev, akademik İradə Hüseynova, akademik Dilqəm Tağıyev, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, çoxsaylı fəxri qonaqlar iştirak edib .