İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərə əməkhaqlarının verilməsi qaydalarının hazırlanması artıq yekunlaşıb.
Unikal.org xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, hazırda həkimlərə əməkhaqları dərəcələrlə, vahid tarif cədvəli ilə verilir:
“Biz həmin dərəcəni, tarif cədvəlini saxlamaqla, onun üzərinə sabit bir məbləğ əlavə edirik. Bu, o deməkdir ki, tibbi personal xəstəsinin olub-olmamasından asılı olmayaraq, həmin sabit məbləği alacaq. Onun üzərinə də dəyişən məbləğ, başqa sözlə bonus əlavə olunacaq. Bu bonus da xəstənin sayı ilə bağlı olacaq”.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta sistminin tətbiqi edildiyi pilot tibb müəssisələrində həkimlərin orta aylıq əməkhaqqı 960 manata çatıb:
“Bu gün həmin müəssisələrdə cərrahlar hətta bütün vergiləri ödədikdən sonra 3000-6000 manata qədər əməkhaqqı alırlar. Bizim məqsədimiz də odur ki, həkimlərimiz həmişə yüksək əməkhaqqı alsınlar. Bu da maliyyə imkanları ilə bağlıdır. Sistem işlək olduqdan sonra, maliyyə mənbələri artıqca həkimlərin də əməkhaqları davamlı olaraq artacaq. Həkimlərə də bildirmək istəyirəm ki, ilk dövrlərdə müəyyən çətinliklər ola bilər. Amma bunu anlayışla qarşılamaq lazımdır”.