Aqrar Elm və İnnovasiya Mərkəzinin  Elmi-Texniki Şurasının  2019-cu il üçün yekun iclası keçirilib.

Unikal.org xəbər verir ki,Gündəlikdə duran məsələlərlə bağlı danışan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, aqrar sahədə aparılan islahatlara uyğun olaraq Şuranın iş fəaliyyəti yenidən təşkil olunub. Bildirilib ki, elmi-tədqiqat institutlarının direktorlarının, müstəqil ekspertlərin daxil olduğu Şura dinamik iş prinsipi həyata keçirərək aqrar elmın qarşısında duran vəzifələri uğurla həyata keçirəcək. Şuranın iclasında elmi-tədqiqat institutları tərəfindən regional aqrar elm və innovasiya mərkəzlərində (RAEİM) nümayiş etdiriləcək yeniliklər, elmi-tədqiqat institutları, təcrübə stansiyaları, RAEİM-lər arasında əməkdaşlığın təşkili məsələləri müzakirə olunaraq qəbul edilib. Həmçinin, iclasda yaz-tarla işlərinin vəziyyəti və yüksək məhsulu təmin edən aqrotexniki tədbirlərin görülməsi (əkinə qulluq, yazlıq əkinlərə hazırlıq, gübrələmə və s.), tədqiqat mövzularının seçilməsində müasir çağırışların nəzərə alınması, kadr hazırlığı, kadrların işə götürülməsində ixtisasa uyğunluğun təmin olunması ilə bağlı hədəflər müəyyən olunub. 

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov Azərbaycan və Türkiyə mənşəli pambıq sortlarından hibridləşmə yolu ilə stress faktorlara davamlı, istehsalçıların tələblərinə cavab verən, yüksək məhsuldar və sənaye keyfiyyətli sortların alınması layihəsi haqqında, mərkəzin şöbə müdiri Faiq Xudayev “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Qanun layihəsinin müzakirəsi ilə əlaqədar İşçi Qrupun yaradılması barədə şura üzvlərinə məlumat veriblər. 

Şura tərəfindən “Azərbaycan Aqrar Elmi” jurnalının yeni redaksiya heyəti tərkibinin formalaşdırılması, aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar İşçi Qrupun yaradılması qərara alınıb. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru Elmar Allahverdiyev ölkədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsində fermerlərin fəaliyyətinin artırılması, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Mahir Hacıyev isə təsərrüfatlarda maddi-texniki bazanın gücləndirilməsi barədə təkliflərini səsləndiriblər. 

Şuranın iclasında digər cari məsələlər də müzakirə olunub, 2020-ci ildə aqrar elm potensialının daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.