Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Unikal.org xəbər verir ki, bu gün Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz şəhərində Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Qusar şəhərində, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Şabran şəhərində Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.