Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. 

Komitədən Unikal.org-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndidən olan ziyalılar və digər qonaqlar iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açaraq, ermənilərin bu ərazilərə, təxminən, iki yüz il əvvəl köçürüldüklərini, öz havadarlarından dəstək alaraq yerli azərbaycanlı əhaliyə davakar münasibət göstərdiklərini, daim milli zəmində qarşıdurma yaratdıqlarını, vaxtaşırı ərazi iddiası qaldırdıqlarını xatırladıb.  

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı şöbələrinin rəhbərləri, Xankəndindən olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər.

Tədbirdə Xankəndinin və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edilib. Anım tədbiri çıxışlarla davam edib. Sonda Xankəndiyə həsr olunmuş film nümayiş olunub.