Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

Unikal.org xəbər verir ki, "Şahdağ” Turizm Mərkəzinə gələn dövlət başçısı burada xizək sürüb. Baş Nazirin birinci müavini Yaqub Eyyubov və “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildiriblər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində “Şahdağ” Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. O da qeyd olunub ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb.

Ərazinin abadlaşdırılması işləri indi də davam edir və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək. Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, “Şahdağ” Turizm Mərkəzinin “Main Plaza” adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri 72 yerlikdir. Buraya gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında kinoteatr mühüm rol oynayacaq. Kinoteatrın Yeni il bayramında turistlərin istifadəsinə verilməsi planlaşdırılır. Bundan əlavə, dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.

Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak ediblər.