Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva reanimasiyaya yerləşdirilən Xalq artisti Fəxrəddin Dadaşovla bağlı tapşırıq verib.

Bu barədə Unikal.org-a Xalq artistinin həyat yoldaşı Gülşən Dadaşova və qızı Pərvanə Dadaşova məlumat verib.

Birinci xanımın tapşırığına əsasən kaman ustası hazırda müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdən (“Semaşko” xəstəxanası) Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

Bir qədər əvvəl isə Prezidentin köməkçisi Anar Ələkbərov Fəxrəddin Dadaşova baş çəkib, Xalq artistinin müalicəsi ilə bağlı məsələlərin ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi üçün bütün zəruri tədbirlər Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, F.Dadaşov dekabrın 27-də saat 20:40 radələrində beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.