Hacıbala Abutalıbov müxalifəti çətin duruma saldı
12:40 01-11-2012
CƏMİYYƏT
Hacıbala Abutalıbov müxalifəti çətin duruma saldı
Mer Etibar Məmmədovla Lalə Şövkəti "mitinq tələsi"nə saldı
Azərbaycan müxalifəti uzun müddətdir ki, düşdüyü uğursuz qara zolaqdan çıxa bilmir. Bir vaxtlar cəmiyyətin müəyyən kəsimi tərəfindən az-çox dəstək görən, ənənəvi eloktoratının aktivliyi hesabına mütəmadi olaraq etiraz aksiyaları düzənləməklə varlığını sürdürən ölkə müxalifəti artıq bu üstünlüyünü də itirməkdədir. Bunun təsdiqi kimi yalnız bir faktı xatırlatmaq lazımdır ki, sonuncu uğurlu aksiyasını təxminən 10 il bundan öncə reallaşdırmış müxalifət düşərgəsi ötən bu illər ərzində heç nəylə yadda qalmadı.
Yalnız bu il Bakıda keçirilən "Evrovizion" mahnı müsabiqəsi zamanı kiçik və mobil qruplar vasitəsilə adda-budda etiraz aksiyaları ilə gündəmi məşğul etməyə uğursuz cəhdlər edən bu qüvvələrin bundan sonrakı fəaliyyəti yalnız fəaliyyətsizliyi ilə diqqət çəkdi. Amma görünür, müxalifət qarşıdan gələn prezident seçkiləri ərəfəsində yenidən fəallaşmaq qərarına gəlib. Həm İctimai Palatanın, həm də müxalifət düşərgəsində qərarlaşan digər bloklaşmaların bir-birinin ardınca "mitinqlərin zamanı çatıb" kimi bəyanatlar səsləndirməsi də sözügedən fəallaşmaq istəyinin təcəssümü sayılmalıdır. Amma bu fəallıq müxalifət düşərgəsinin aktivinə "qaş düzəltmək istədiyi yerdə vurub göz çıxartmaq" kimi daxil olur. Elə Demokratik Qüvvələrin Məşvərət Məclisi tərəfindən növbəti mitinq qərarına rəsmi icazənin verilməsi də bu aspektdən dəyərləndirilməlidir.
Məlumat üçün bildirək ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi noyabrın 3-də mitinq keçirmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Dünən isə Bakı meriyası həmin qüvvələrin müraciətinə baxaraq onlara mitinq keçirmək üçün Bayıl qəsəbəsində yerləşən və "20-ci sahə" kimi tanınan ərazini təklif edib. Elə hər şey də bundan sonra başladı, müxalifət Bakı meriyasının mitinqə icazə verməsindən narahatlığını elə ilk dəqiqələrdən birüzə verməyə başladı. Belə ki, sözügedən mitinqin əsas iştirakçılarından olan Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxan mövzuyla bağlı açıqlama verərək bildirib ki, meriya onlara mitinq keçirmək üçün "20-ci sahə"ni təklif etsə də onlar bundan imtina ediblər. Partiya sədrinin sözlərinə görə, DQMM sabah (bu gün-red) toplanaraq mitinqlə bağlı yekun qərarlarını verəcəklər.
Qeyd edək ki, 14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisinin digər təmsilçilərindən olan Etibar Məmmədovun da meriyanın qərarından narazı qaldığı və bu səbəbdən də nəzərdə tutulan mitinqin təxirə salınmasını təklif edib. Əslində isə baş verənlər müxalifətin növbəti iflası anlamına gəlməlidir. Çünki, Bakı meriyası mitinqə rəsmi şəkildə icazə verdiyi halda müxtəlif bəhanələrlə aksiyadan imtina etmək müxalifətin gücsüzlüyünə dəlalət edir. Görünür, Demokratik Qüvvələrin Məşvərət Məclisi elə əvvəlcədən planlayıbmış ki, Bakı meriyası onsuz da mitinqə icazə verməyəcək və bundan sonra həmin liderlər mətbuata çıxaraq odlu-alovlu çıxışlar etməklə siyasi qazanc əldə edəcəkdilər. İndiki sitiuasiyada isə Bakı meri Hacıbala Abutalıbov mitinqə icazə verməklə liderləri sözün əsl mənasında tələyə salmış oldu. Belədə onların yalnız iki yolu qalırdı: Ya noyabrın 3-də mitinqi keçirmək, amma bu olduqca risqli addım sayıla bilərdi. Çünki bəllidir ki, indi ki halda onlar nəinki "20-ci sahə"ni heç bir "Qazel"i belə dolduracaq eloktorata malik deyillər. Odur ki, Məşvərət Məclisi ikinci yolu seçərək mitinqi təxirə salmaq yolunu tutdu.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17