İki nazirin “inək biznesi”ndə şübhəli məqam
15:01 02-11-2012
CƏMİYYƏT
İki nazirin “inək biznesi”ndə şübhəli məqam
Sahibkarlar sifarişi niyə Şahin Mustafayevlə İsmət Abbasova etməlidirlər?
Kənd təsərrüfatı naziri İsmət Abbasov dünən ölkəyə gətirdiyi inəklərlə bağlı maraqlı açıqlamalar verib. Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçirilən bu layihə çərçivəsində indiyə qədər respublikamıza 5 minə yaxın damazlıq mal-qara gətirilib. Bu mal-qaranın ölkəmizdəki artımından sonra onların sayı 7300-ü keçib, bundan sonra isə daha 1200 heyvanın gətirilməsi nəzərdə tutulur.
Nazir vurğulayıb ki, damazlıq heyvanlar xüsusi qulluq tələb edir: “Etiraf edirəm ki, belə heyvanların ölkəyə gətirilməsi üzrə proqramın ilk illərində düzgün qulluq həyata keçirilmədiyinə və lazımi şəraitin yaradılmadığına görə, bir neçə damazlıq heyvan tələf olub”.
İ. Abbasovun sözlərinə görə, hazırda belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfatlara ayrılıb ki, bu da onların səmərəli istifadə edilməsinə imkan verir: “Biz İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komplekslərinin sifarişi əsasında gətiririk. Bu daha effektlidir və belə heyvanların alınması üçün demək olar ki, növbə yaranıb”.
İsmət Abbasovun açıqlamalarında iki maraqlı detaldan biri onun inəklərin bir hissəsinin tələf olduğunu təsdiqləməsi olub. Nazirin bu etirafı o halda təqdirəlayiq olardı ki, o zamanında ediləydi. Məsələ burasındadır ki, hələ iki il əvvəl mətbuat bu mövzuda yazır, amma Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri inadla təkzib edir, media qarayaxmada günahlandırılırdı. Və birdən-birə indi nazir etiraf edir ki, bəli, inəklər həqiqətən də ölürmüş! Axı kimə lazımdır bu gecikmiş etiraf və zamanında İsmət Abbasovun etiraf etdiyi məsələni yazdığına görə yalanda ittiham edilən mətbuatdan üzr istəyən olacaqmı?
İkinci maraqlı məqam nazirin açıqlamalarının “Biz İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komplekslərinin sifarişi əsasında gətiririk” bölümüdür. Burada diqqət çəkən nədir? Şübhəsiz ki, heyvandarlıq komplekslərinin özlərinin niyə birbaşa damazlıq mal-qara alıb gətirməməsi, bu “əziyyət”ə iki nazirliyin qatlaşmasıdır. Ona görəmi ki, nazirliklər sifarişləri yerinə yetirən zaman hansısa yollarlasa irəli düşürlər? Məsələn, inəklərin qiymətlərinin şişirdilməsi və onların sahibkarlara gətirildikləri ölkədəki qiymətlərdən xeyli baha başa gəlməsi barədə deyilənləri xatırlatmaq kifayətdir.
Müstəqil ekspertlər də deyirlər ki, bu məsələdə heyvandarlıq təsərrüfatlarına imkanlar yaradılmalıdır, onlar damazlıq mal-qaranı alıb ölkəyə gətirmək imkanları əldə etməlidirlər. Belədə həmin mal-qaranın qiyməti indiki ilə müqayisədə aşağı olacaqdır. Amma adıçəkilən nazirliklərin bu məsələdə öz sinələrini qabağa vermələri həmin nazirliklərin işinə yarayır, heyvandarlıq kompleksləri sahiblərini isə artıq xərcə sürükləyir.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59
2024-11-22 11:53:03
2024-11-22 11:38:12
2024-11-22 11:24:00
2024-11-22 11:08:00
2024-11-22 10:39:39
2024-11-22 10:34:42
2024-11-22 09:47:56
2024-11-22 09:37:00
2024-11-22 09:12:46
2024-11-22 09:06:21
2024-11-22 09:04:05
2024-11-22 08:50:59
2024-11-21 21:51:37