Səlim Müslümov qanunlara qarşı?!
12:31 03-11-2012
CƏMİYYƏT
Səlim Müslümov qanunlara qarşı?!
Dövlət Sosial Müdafiə Fondunun kartlarında cinsi dəyişiklik anlaşılmazlığı
Azərbaycanda verilən dövlət sosial sığorta şəhadətnaməsinin üzərindəki yazılar arasında ilginc bir məqam var: "Dövlət sosial sığorta şəhadətnaməsi əvvəlki sosial sığorta nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər;
Sığorta olunanın soyadı, adı, atasının adı, doğulduğu gün, ay, il, doğulduğu yer və cinsi dəyişdikdə...".
Necə yəni, cinsi dəyişdikdə? Məgər, Azərbaycan qanunları ölkədə cinsini dəyişməyə imkan verir? İndiyədək kimsə cinsini dəyişdiyi üçün sosial sığorta kartını dəyişib? Səlim Müslümovun rəhbəri olduğu Dövlət Sosial Müdafiə Fondu verdiyi kartlar üzərində bunu yazarkən qanunvericiliyin hansı müddəasına istinad edib?
Bu məsələyə münasibət bildirən deputatlar bildirirlər ki, Azərbaycanda belə bir qanun yoxdur və qanunvericilikdə də belə bir müddəa nəzərdə tutulmayıb. Ola bilsin ki, bu, Konstitusiya normalarında yer alan irqindən, cinsindən və s. komponentlərdən asılı olmayaraq hüquqların verilməsi ilə bağlı mülahizədən götürülüb. Hər halda, burada bir ciddi anlaşılmazlıq var.
Elə isə necə olur ki, qanunun icazə vermədiyi məsələ dövlət qurumunun - Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara təqdim etdiyi sığorta kartında həkk olunur?
Qısa bir araşdırma apardıqda da məlum oldu ki, Azərbaycanda orqan köçürülməsinə icazə verilmir. Lakin bir insan öz orqanını başqa ölkədə sata və ya öz orqanını dəyişdirə bilər. O halda, həmin vətəndaşa qarşı Azərbaycan Respublikasında heç bir məsuliyyət nəzərdə tutulmur. Belədirsə, o zaman cinsi dəyişmək də Azərbaycanda mümkün deyil. Bir ölkədə ki, cinsi dəyişmək mümkün deyil, o zaman bu məsələ nə üçün rəsmi sənəddə əks olunur?
Yenə deputatların, məsələn, Əli Məsimlinin fikrincə, sosial sığorta kartında əksini tapan cinsi dəyişdirmək məsələsi Azərbaycanda heç bir qanunla tənzimlənmir və havada qalmış bir məsələdir.
Hüquqşünaslara görə də Azərbaycanda cinsin dəyişdirilməsi ilə bağlı hər hansı qanunvericilik bazası mövcud deyil. Onlardan biri Aslan İsmayılov publika.az saytına açıqlamasında belə deyib: "Mən bilmirəm, bu məsələni nəyə əsaslanıb sosial sığorta kartına yazıblar. Ola bilsin ki, bu müddəa ölkəmizdə işləyən və Azərbaycan vətəndaşı olmayanlar üçün nəzərdə tutulub. Dünyanın bir çox ölkələrində, Amerikanın bəzi ştatlarında, İngiltərədə cinsi dəyişməyə icazə verilir. Azərbaycanda isə buna qanunla icazə verilmir. Ümumiyyətlə, bizdə orqan köçürülməsi qanunla qadağandır".
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan da münasibət öyrənilməyə çalışılıb. Fondun mətbuat xidmətindən bildirdilər ki, bununla bağlı araşdırma aparıb məlumat verəcəklər. Amma üstündən iki həftə vaxt keçməsinə baxmayaraq, Fond hələ də cavab verməyib...
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49