Tarixi abidəni də təmir edərlərmi?..
12:26 07-11-2012
CƏMİYYƏT
Tarixi abidəni də təmir edərlərmi?..
Qız Qalasında yuva salan 250-dən artıq quşu başqa yerə köçürmək üçün Avstriyadan xüsusi yuvalar gətirilib
Bir neçə ildir ki, Bakının hər yerində təmir-bərpa işləri gedir. Demək olar ki, şəhərin istənilən tərəfində ya yol çəkilişi, ya körpü-tunel tikintisi, ya da binaların fasadlarının ağardılması ilə qarşılaşırıq. Cəmiyyətdə bu mənzərəyə iki baxış var. Bir tərəf baş verənlərdən fərəh hissi keçirərək paytaxtın inkişaf etdiyini deyir, ikinci tərəf isə bütün bunların neft pullarını silmək üçün bir oyun olduğunu düşünürlər.
Kimin nə düşünməsi ilə bizim işimiz yoxdur. Bizə maraqlı olan bir çox hallarda, xüsusi ilə paytaxtın tam mərkəzində tarixi binaların, abidələrin də təmir-bərpaya cəlb olunmasıdır. Məsələn, Bakının rəmzi sayılan və bütün dünyada məşhur olan Qız Qalası az qala min ildir ki, bax beləcə öz yerində dayanmışdı. Amma indi onun böyür-başına dəmir-dümürü bərkidib başlayıblar 12-ci əsrdən bəri eyni rəngdə, eyni sifətdə qalan bir abidəni qaşımağa ki, bəs təmir edirik. Bu görülən iş düzgündürmü? Bu paytaxtın əhalisindən bir rəy sorğusu keçirdilərmi ki, ay camaat sizin qalanızı təmir eləmək istəyirik, bu işə necə baxırsınız? Ümumiyyətlə, bu işin həyata keçirilməsi nə dərəcədə mühümdür? Abidə elə üzündəki qabıqla, çatlarla, müxtəlif yazı-pozu ilə tarixə çevrilmirmi? Bu yaxınlarda dostlardan birinin yolu Peterburqdan düşmüşdü. Qayıdıb gələndə danışırdı ki, 1-ci Pyotr şəhəri necə tikibsə əl də vurmayıblar, hər şey olduğu kimi qalıb. Bəs biz niyə öz tariximizin üstünə loqonda ilə düşüb bütün günü kəsməkdə, doğramaqdayıq?
Yuxarıda sual kimi səslənən cümlələrə aydınlıq gətirmək üçün “Qafqazinfo”nun əməkdaşı yolunu Qız Qalası tərəfdən salıb.
Qalaya daxil olanların çoxluğu bizi təəccübləndirdi. Bura təmir olunur axı... Hər halda yuxarı çıxa bilməyib, “yox” cavabı alıb, geri qayıdacaqlar düşündük. Belə olmadı. İçəri keçib səbəbini soruşduq. Filial müdiri Svetlana Məmmədova bildirdi ki, təmir Qız qalasının daxilində yox, fasadında getdiyi üçün fəaliyyət dayanmayıb.
Qeyd edək ki, Qız Qalasının bərpa işlərini Avstriyanın “Atelier Erich Pummer GesmbH” firması həyata keçirir. Firmanın Azərbaycandakı nümayəndəliyinin üzvü Çingiz Nemanzadə qalanın təmirinə ötən ilin mart ayında başladıqlarını deyir: “Gələn ilin noyabr ayında bitməlidir. Firmamız Azərbaycanda fəaliyyətinə 2010-cu ildə “Məhəmməd Məscidi”nin bərpası ilə başlayıb. İçərişəhər dövlət tarix-memarlıq qoruğu idarə üzvləri “Qız Qalası”na baxış keçirib, abidənin bərpasının vacib olduğunu deyiblər. Bizə “Məhəmməd Məscidi”ndə işlərimizi bitirdikdən sonra burada bərpa işləri aparmağa təyinat verdilər”.
Ç. Neymanzadə onu da bildirdi ki, onlar qalada muzey konservasiya işlərini həyata keçirirlər. Yəni, mövcud olan duruma xələl gətirmədən qalanı bərpa edirlər.
İşçilərin iş prosesi ilə tanış olmaq üçün liftlə qalanın yuxarısına qədər qalxdıq. Ç. Nemanzadə bizə göstərdi ki, qalanın üzərindəki bəzi daşlar artıq qopub düşürdü: “Bəzi ölkələrdə restovrasiya üçün pul yoxdur, bəzisində diqqət ayırmırlar, bəziləri isə abidəni uçuq şəkildə saxlamaq istəyirlər. Amma hər halda bu abidələri gələcək nəsillərə ötürmək üçün bərpa etmək vacibdir. Biz bu bərpanı elə həyata keçiririk ki, kənardan heç kim heç bir dəyişiklik hiss etmir”.
Qalanın bərpa işlərini 9 nəfər həyata keçirir. Onlardan 5-i Avstriya mütəxəssisləri, 4-ü isə yerli işçilərdir. Yerli işçilər eyni zamanda Avstriyalı mütəxəssislərdən bərpa işlərinin incəliklərini də öyrənirlər.
İşçilərdən Benyaminin bərpa zamanı istifadə etdiyi alətlərlə tanış olduq. Onun istifadə etdiyi aləti o qədər incədir ki, lap diş həkiminin istifadə etdiyi ləvazimatları xatırladır. Benyamin hər bir daşın üzərində çatlar olduğunu, onların təmirinə saatlarla vaxt sərf etdiyini dedi.
İşçilər daşların üzərinə onu möhkəmliyini qoruması üçün xüsusi məhlullar yeridirlər. Demək olar ki baxdığımız hissədə işin çox hissəsi yekunlaşıb.
Bələdçimiz bildirir ki, 3-4 həftə bundan əvvəl gecə əsən güclü külək abidənin fasadındakı daşların tökülməsinə gətirib çıxarıb: “Daşlar öz-özünə düşürdü. Hətta kaska da qorunmağa kömək etmirdi. Bir daş düşəcək, iki daş düşəcək sonra divarın böyük hissəsi uçacaq və abidə dağılacaq”.
İşçilərinin hər birinin sertfikatı olduğunu deyən həmsöhbətimiz (söhbət zamanı Ç. Nemanzadə sertfikatları bizə göstərdi) bildirdi ki, bu hündürlükdə işləmək üçün hər bir işçi xüsusi kurs keçib: “Biz burada qanunla tələb olunanları həyata keçirərək işləyirik. Bu obyektdə elə belə işləmək mümkün deyil”.
Qız Qalasının daxilində də muzey-konservasiya işləri aparılacaq. Hal-hazırda qalanın içərisində bərpa işləri getmir. müəyyən hissələrdə hazırlıq işləri aparılır. Qalanın daxildə bərpa işləri gələn il aparılacaq.
Qalada olduğumuz müddətdə onu da öyrəndik ki, onun gövdəsində 250-dən artıq quş yuvası var imiş. Bu isə qalanın gövdəsində çoxlu miqdarda boşluqlar əmələ gətirib. O boşluqların Qız Qalası üçün böyük bir təhlükə olduğunu bildirən müsahibimin sözlərinə görə, bərpadan sonra o boşluqların hamısı örtüləcək: “Belə olan halda isə orada yuva quran quşlar evsiz qalacaq. Bu vəziyyətin yaranmaması üçün Avstriyadan hazır yuvalar gətirilib və Qız qalasının qonşuluğunda olan binaların fasadlarına quraşdırılıb. İndiyə qədər 510 ədəd yuva quraşdırmışıq. Hətta bəzi böyük olmayan boşluqları quşların gövdənin içərisində özlərinə yuva qurmaları üçün saxlamışıq. Bu cür olarsa qalanın divarları da boş görsənməz”.
Qalada aparılan bərpa işlərinin sakinlərin gəlməsinə elə də çox təsir etmədiyini söyləyən kassir bildirdi ki, sakinlərin gəlişində azalma yoxdur: “Bərpa işləri sakinləri yanıltmır. Çox az hallarda gəlib soruşurlar ki, içəri daxil olmaq olar? Çünki sakinlərin əksəriyyəti bilir ki, bərpa işləri sadəcə fasadlarda aparılır”.
Qız qalasını ziyarət edib enən bir neçə xarici tələbələr də bildirdilər ki, abidələrdə bərpa işləri aparılmalıdır. Türkiyəli tələbə söylədi ki, onların ölkəsində də belə abidələr var: “Təmir çox vacibdir. Əgər bərpa olunmasa təbii gözəllik məhv olub gedəcək. Bu bərpa işi sakinlərdə müvəqqəti narazılıq yaratsa da, nəticədə, tarixi abidə məhv olmaqdan xilas olur”.
Başqa bir sakin isə bildirdi ki, abidənin üzərinə ad yazanlar, “Qız Qalası”nda olduqları tarixi onun divarlarına həkk edənlər də var. O yazıları onun üzərində saxlamaq olmaz, təmizləmək lazımdır.
Başqa bir sakin 55 yaşlı Xədicə Həsənova isə bildirdi ki, İçərişəhər əvvəlki kimi deyil: “Biz tələbə olanda burada gəzirdik. O vaxt buralar fərqli idi. İndi qədimilikdən əsər-əlamət yoxdur. Biz bura qədim şəhər deyirik, amma qədimliyi qoruyub saxlamırıq” .
Hər halda tarixi abidələrin təmir olunmasına ən doğru qiyməti də elə tarix özü verəcək...
Gülnar Ədalətqızı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00