Razi Nurullayev: “AXCP-də boğuluram”
12:30 07-11-2012
CƏMİYYƏT
Razi Nurullayev: “AXCP-də boğuluram”
Dəyanət Rzayev: “Siyasi partiyalar alimlər üçün mühit deyil və müstəqil düşüncəni boğur”
Politoloq Ərəstun Oruclu bir müddət öncə qəzetimizə verdiyi müsahibədə bildirmişdi ki, müxalifət partiyalarında yüksək intellektual səviyyəyə malik insanlar var, amma onlar partiya çərçivəsində hərəkət etməli olduqlarından öz potensiallarını tam şəkildə realizə edə bilmirlər. Politoloq bu insanların sırasında AXCP sədrinin müavini Razi Nurullayevin də adını çəkmişdi.
Necə deyərlər, politoloqun proqnozu düz çıxdı. Razi Nurullayev bildirib ki, “Azərbaycanda olan siyasəti qonşu Türkiyə və Gürcüstanla müqayisə eləyirəm. Gürcüstan böyük bir siyasi mədəniyyət ortaya qoyub. Sovetlər ölkəsində ilk dəfə olaraq Gürcüstanda dinc yolla hakimiyyət başqa bir partiyaya transfer olundu. Türkiyədə görürük ki, qalib gələn partiya uduzan partiya tərəfindən təbrik olunur. Onlar bir-birlərini təhqir etsələr də sonradan bir araya gələ bilirlər. Bu siyasətin anatomiyasıdır və normal ölkələrdə bu cür olur. Amma Azərbaycanda normal siyasət və iqtidar yoxdur və bunun əsasında normal müxalifət də yoxdur. Azərbaycanda azad və demokratik seçki keçirilərsə, xalqın iradəsi tam ortaya qoyularsa, Azərbaycanda siyasi mədəniyyətin formaları təmərküzləşməyə başlayacaq. Azərbaycanda həm də müxalifətlə iqtidar arasında fərdi, şəxsi mənada, siyasi ideoloji məkanlarda mübarizə gedir. Bu getdikcə fərdləşməyə başlayır. Buna görə də müxalifəti tərk edən insan satqın obrazı yaradır. Siyasəti bu həddə çatdırıblar. Hesab edirəm ki, siyasətdə satqın, xəyanətkar ifadələri olmamalıdır. Əgər hər hansı bir siyasətçi normal olaraq öz ideoloji düşüncəsini dəyişirsə, öz perspektivini burada yox, qarşı tərəfdə görürsə, buna normal yanaşmaq lazımdır. Əfsuslar olsun ki, Azərbaycanda bunun adı satqınçılıqdır”.
Sədr müavini deyir ki, “AXCP-yə qoşulan zaman nəzərimdə tutmuşdum ki, hansısa tədbirdə naziri, məmuru, hətta prezidenti görərəmsə, gedib salamlaşaram, oturub söhbət də edərəm. Bu cür cəhdlərim düzü, 1-2 il davam etdi. Tutaq ki, ATƏT və ya hər hansı xarici səfirliklər tədbir keçirəndə orda YAP-ın nümayəndələri varsa, gedib görüşürdüm. O zaman buna təbii yanaşırdım, düşüncə tərzim bu idi. Sonradan cəbhədə oturuşa-oturuşa, bu müzakirələr məni dəyişdirdi. Hiss elədim ki, YAP-çılarla görüşsəm, sabah jurnalistlər şəklimi çəkib qəzetdə verəcək və üstəgəl yazacaq ki, Razi YAP-ın funksioneri ilə zarafat edib gülürdü. Onun üçün bunlardan çəkinməyə başlamışam. Əgər istəsəydim birbaşa gedib perspektiv gördüyüm başqa partiyaya qoşulardım. Yəni bu qədər zəif bir insanam ki, gəlib müxalifətə qoşuluram, burada tramplin edib nəyəsə nail olmağa çalışıram. Şükürlər olsun ki, bir neçə Avropa dillərini mükəmməl bilirəm, xaricdə təhsil almışam, dünyanın yarısını dolaşmışam. Mənə böyük təkliflər olub. Bu an Avropa Şurasında böyük vəzifədə işləyə bilərdim”.
Onun sözlərinə görə, “Xarici şirkətlərdən iş təklifləri olub. Hesab etmirəm ki, bu gün mənim bilik və səviyyəmdə, təcrübəmdə olan çox insanlar var. Hələ ki, aldığım biliklərimi reallaşdıra bilmirəm. Bunun üçün bir müstəvidə yoxdur. Azərbaycandakı siyasi şərait də bunu diqtə etmir. Onun üçün bu çərçivədən kənara çıxa bilmirəm. O çərçivə içində bu gün boğuluram. AXCP böyük bir partiya olsa da, nəyisə reallaşdırmaq istəyirəm, amma burda da boğuluram. Hiss edirəm ki, çərçivələr olmasa, böyük potensialım var və böyük işlər görə bilərəm. Çərçivələr bizi sıxır, çünki Azərbaycanda siyasət bağlıdır, açıq deyil. Bu baxımdan bağlanmışam. Bunu belə geniş açıqlamağımda səbəb odur ki, natamamlıq hissim yoxdur. Bilik, bacarığım da var, geniş əlaqələrim də. İstənilən ölkəyə gedə bilərəm, başqa nəsə yaradıb axıra qədər çatdıra da bilərəm”.
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, “Nəinki Azərbaycan reallığı baxımından, ümumiyyətlə, dünyanın istənilən ölkəsində fəaliyyət göstərən siyasi partiyalarda elmi-intellektual potensiala malik insanlar həmişə özlərini sıxıntılı hiss ediblər. Yəni siyasi natura ilə elmi-intellektual natura tarixən yola getməyib və ikinci birinciyə həmişə məğlub olub. Səbəb isə çox sadədir: siyasi təfəkkürlə elmi təfəkkür həmişə daban-dabana zidd olub və çox vaxt elm siyasətin qurbanına çevrilib. Eyni sözləri alimlər barədə də söyləmək olar”.
Psixoloqun sözlərinə görə, “Azərbaycan reallığında bu mənzərə daha surroqat formaya keçir. Ümumiyyətlə, bizdəki siyasi partiyalar alimlər üçün mühit deyil və müstəqil düşüncəni boğur. Ona görədir ki, bir çox ziyalılar və alimlər tədricən siyasi proseslərdən kənarlaşmağa başlayıblar”.
Natiq
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22