Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rasim Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Əskərova bəraət verilib.
Hökmdən narazı qalan prokuror Nəriman Babayev protest verib. Protestə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Prokurorluğun şikayəti təmin edilməyib.
Prokurorluq Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımov sədrliyi ilə keçirilən prosesdə iş üzrə hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.
Hazırda cinayət işi hakim Faiq Qasımovun icraatına araşdırılır.
Qeyd edək ki, hadisə 2017-ci ildə Xətai rayonu, Zığ şossesində qeydə alınıb. "Ford" markalı, 90 HU 342 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 66 yaşlı Uğur Vəliyevi vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Daha sonra müəyyən edilib ki, Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov da həmin qəzanın iştirakçısı olub. Belə ki, sabiq nazirin idarə etdiyi "Mercedes" markalı avtomobilin yan güzgüsü Uğur Vəliyevə dəyib, daha sonra piyada Rasim Əskərovun idarə etdiyi "Ford” markalı yük maşını ilə vurulub.
Sabiq nazir hadisə ilə bağlı APA-ya açıqlamasında qeyd edib ki, o, bu hadisədə şahid qismində istintaqa cəlb olunub: "Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər maşın onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”.