Obamanın qələbəsi Azərbaycana nə verə bilər?
Obamanın qələbəsi
Azərbaycana nə verə bilər?
Qabil Hüseynli: "Obama Qarabağ probleminin həllinə əlverişli şərait yaradacaq"

Hazırda Cənubi Qafqazın geopolitik baxımdan əsas oyunçuları hesab edilən dövlətlərin, demək olar ki, hamısında ya seçkilər keçirilib, ya da yaxın gələcəkdə keçiriləcək. Fransa da prezident dəyişildi, amma Azərbaycana və Türkiyəyə münasibət dəyişilmədi. Daha məkrli forma aldı.
Rusiyanın da prezidenti dəyişildi və Moskvanın səsi daha bərkdən gəlməyə başladı.
Qonşu Gürcüstanda da dəyişiklik oldu və hələ ki bu dəyişimin səsi kal çıxır. Ən azından, Azərbaycan Dövlət Neft Şirkətinə və prezident Saakaşvilinin köhnə silahdaşlarına buynuz göstərdiyinə görə...
Amerikanın prezidenti dəyişilməsə də... Siyasəti necə, dəyişiləcəkmi?
Azərbaycanda və Ermənistanda isə gələn il dəyişimlər ili ola bilər və gözləyək, görək, nələr olacaq.
ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri artıq məlumdur. Barak Obama bu dəfə də respublikaçılara qalib gələrək növbəti dəfə ABŞ prezidenti seçildi.
ABŞ-da keçirilən tarixi seçkilərdə Barak Obamanın respublikaçı Mitt Romniyə qalib gələrək növbəti dəfə prezident seçilməsi Azərbaycanda da birmənalı qarşılanmadı. Bir çox ekspertlər Obamanın 4 illik fəaliyyətini ölkəmiz üçün uğursuz hesab etsə də, ABŞ-ın növbəti dörd ildə Azərbaycan üçün faydalı olacağını düşünənlər də az deyil. Bəs, reallıq necədir? Obama növbəti dörd ildə Azərbaycanla münasibətləri dəyişəcəkmi və yaxud da Qarabağ münaqişəsinin həllində ondan mühüm irəliləyiş gözləmək olarmı?
Tanınmış politoloq Qabil Hüseynli demokratların qələbəsini təqdirəlayiq hal hesab edərək bildirib ki, Obamanın növbəti periodda prezident seçilməsinin Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.
"Barak Obamanın yenidən prezident seçilməsi həm dünya üçün, həm də Azərbaycan üçün əhəmiyyətli bir hadisədir. Şahidi olmuşuq ki, respublikaçıların hakimiyyətə gəlməsi dünyada münasibətləri xeyli gərginləşdirən hadisələrdən olub. Obama geridə qalan 4 illik fəaliyyəti zamanı göstərdi ki, o, həm Türk dünyasına qarşı münasibətdə, ümumiyyətlə inkişaf etməkdə olan, müstəqilliyini yeni qazanmış ölkələrə qarşı kifayət qədər loyal münasibətlər sərgiləyib. Bu baxımdan geridə qalan 4 il ərzində Azərbaycanla ABŞ arasında qeydə alınan münasibətlərini tam qənaətbəxş hesab etmək olar", - deyə politoloq şərh edib.
Q.Hüseynli daha sonra Obamanın qarşıdakı dörd illik strategiyasına toxunaraq bildirib ki, ABŞ prezidenti xarici siyasətində və eləcə də Cənubi Qafqaz bölgəsinə münasibətində dəyişiklik etməyəcək:
"Güman etmirəm ki, Obamanın xarici siyasətində ciddi dəyişikliklər edilsin. Debatda da görünürdü ki, o, xarici siyasətinin ana xəttini qoruyub saxlamaq niyyətindədir. Cənubi Qafqaza münasibətdə isə Obama çox ehtiyyatlıdır. O, bölgəyə enerji mənbələri və eyni zamanda enerji tranziti kimi baxır. Bu baxımdan Cənubi Qafqaz regionu Obama üçün mühüm əhəmiyyət kəsb edir".
Obama növbəti dörd ildə Qarabağ münaqişəsinin həllində hansı addımlar atacaq?
Politoloqun fikrincə, Obamanın bundan sonrakı dönəmində Dağlıq Qarabağ münaqişəsinin həlli daha əlverişli olacaq.
"ABŞ-ın Qarabağ münaqişəsinin həllinə gəlincə, Obama bildiyimiz kimi dəfələrlə bu istiqamətdə təşəbbüs göstərib. Doğrudur, ABŞ Qarabağ məsələsində fəal olmasa da, amma hər halda onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişəni hər zaman beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını nümayiş etdiriblər. Güman edirəm ki, Obama ilə yaxın dörd ildə işləmək Azərbaycan üçün çətin olmayacaq və Dağlıq Qarabağ probleminin həllində onunla işləmək daha əlverişli olacaq", -deyə politoloq vurğulayıb.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Obama-nın ikinci dəfə prezident seçilməsini gözlənilən sayır.
O bildirir ki, birinci prezidentliyi dövründə xarici siyasətlə bağlı başladığı işlərin sona çatdırılması baxımından, bu, məntiqli görünür. Onun fikrincə, çox güman ki, elə amerikalılar öz seçimində bu məsələni nəzərə alaraq ona üstünlük veriblər.
Azərbaycana və regiona münasibətə gəldikdə, F.Ağamalı birinci prezidentliyi dövründəki fəaliyyətinə görə Obamanı qınayır: "Regiona lazımı diqqət yetirmədi. Xüsusilə onun ermənilərə üstünlük verməsi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasında xüsusi fəallıq göstərməməsi, regionda Rusiyanın mövqeyinin güclənməsinə xidmət edən mövqeyi, əlbəttə, problemin həllinə ciddi mane oldu".
Obamanın ilk prezidentliyini Azərbaycan üçün uğursuz sayan F.Ağamalı növbəti 4 ildə onun Azərbaycanla bağlı müsbət addımlar atmasını arzulayır: "Çox arzulayardıq ki, Obama ikinci prezidentliyi dövründə işğal olunmuş torpaqların azad olunmasında Minsk Qrupunun həmsədri kimi xüsusi fəallıq göstərsin. Beləliklə üzərinə düşən missiyanı yerinə yetirməklə bir münaqişənin həllində ciddi rol oynayan siyasi xadim kimi tarixin səhifələrinə öz imzasını atmış olsun".
Sözardı: Məlum-məşhur bir deyim var: siyasətdə əbədi dostlar olmur, əbədi maraqlar var.
Natiq