Sosial şəbəkələrdə bəzi dindarlar dünyanı cənginə alan ölümcül koronavirusun qiyamətin əlaməti olduğunu iddia edirlər.
Sözügedən məsələ ilə bağlı Unikal.org “Seyid vəsiqəsi” verməklə gündəmə gələn Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun fikirlərini öyrənib.
Hacı Mirqiyas Təhməzov koronavirusun qiyamətin əlaməti olmadığını dilə gətirib: “Qətiyən bu virusda qiyamətin əlaməti yoxdur. Bu virus yalnız insanların pis əməllərinin “bəhrəsidir” ki, görürük”.
QMİ rəsmisi əlavə edib ki, dinimizdə belə bir bəlalı virusun aradan getməsi üçün dua da (ayə və yaxud surə) yoxdur:
“Bunun təkcə bir yolu var. Allaha sığınıb, tövbə etmək. Əgər insanlar pis əməllərinə görə tövbə etsələr belə bir virusa tutulmazlar. Yalan danışmaq, şərabxorluq, mərdiməzarlıq, ailəyə, başqasının namusuna sataşmağın bəlasıdır ki, gəlib boğazımıza keçib. Bu yer üzündə olan məxluqatın pis əməlinin mükafatıdır ki, Çindən başlayıb. Artıq bütün dünyanı ağuşuna alır. İranda məgər pis əməl sahibləri yoxdur? Bundan sonra da Allahın qadağan etdiyi hərəkətlərə “əməl edənlər” Yaradanın bəlasına düçar olacaqlar”.
Murad İbrahimov