Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanında) Qaynar Xətt fəaliyyətə başlayıb.
Bu barədə Unikal.org-a Bakı Limanından bildirilib.
Məlumatda deyilir ki, koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanındakı nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır. Liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.
O cümlədən, qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədi ilə (055) 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.