“Yüksəliş” intellektual potensialı və bacarıqları qiymətləndirir. Ümumilikdə 5 mərhələni əhatə edən müsabiqədə iştirakçılar onlayn seçimlərdən keçərək bilik və bacarıqlarının hesabatını vermiş olurlar.
Unikal.org xəbər verir ki, bu mərhələlərdə namizədlər xüsusi hazırlıq ehtiyacı duymasalar da, növbəti seçimlərə müsabiqədə tələb olunan idarəçilik kompetensiyaları əsasında qatılacaqlar.
Bəs imtahana hazırlıq prosesini necə keçmək lazımdır?
Namizədləri ən çox düşündürən məsələlərdən biri imtahan suallarına necə hazırlaşmaq və həyəcanı idarə etməklə bağlıdır. İşçi qrupu iştirakçıların bu narahatlığını, suallarla bağlı müəmmalı qala biləcək tərəfləri öncədən müəyyənləşdirərək, tanışlıq testləri təşkil etmişdi. Belə ki, müsabiqənin Onlayn mərhələsində həm ümumi biliklər üzrə, həm də qabiliyyət imtahanından əvvəl tanışlıq məqsədilə namizədlər testlərə qatılmışdılar. Martın 1-də qabiliyyət mərhələsini də uğurla başa vuracaq namizədlər əyani mərhələyə keçid edirlər. Qeyd edək ki, keçid balı mövcud deyil. Onlayn mərhələnin hər iki imtahanı bitdikdən sonra nəticələr T-şkala üzrə hesablanacaq və şəxsi kabinetdə yerləşdiriləcək.
Namizədləri qabiliyyət testlərinin bölmələrində nə gözləyir?
Əslində, fevralın 23-də tanışlıq testini keçənlər artıq məlumatlıdırlar. İştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməldirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.
İmtahan həm də yüksək səviyyədə psixoloji hazırlıq tələb edir
Nəzərə alsaq ki, “Yüksəliş” məhz idarəçilik potensialına malik kadrları seçir, deməli, komandada işləmək bacarığı, işçi heyətinin idarə edilməsi və motivasiyası, risk və böhranın effektiv idarə olunması bu seçimlərdə namizədləri fərqləndirəcək üstün keyfiyyətlər qismində dəyərləndirilir. Dövlət İmtahan Mərkəzinin Dövlət psixoloji xidmətinin nümayəndəsi Pərviz Kazımov namizədlərə tövsiyələrini verib: “İştirakçılar daha çox səmimi olmağa çalışsınlar. Çünki sonrakı mərhələlərdə onlardan situativ düşünmək və qərar qəbul etmək tələb oluncaq. Ona görə məhz həmin an daha çevik cavab vermək qabiliyyətləri üzə çıxacaq. Bu vəziyyətdə empatiya hissi önəmlidir. Testə necə cavab verməkdən daha çox, mən bu situasiyada nə edərdim deyə düşünməlidirlər. Bir sözlə, olduğun kimi davranmaq və münasibətini göstərmək bir idarəçi üçün ən ideal bacarıqdır deyərdim”.
Bəs müsabiqədə hansı bacarıqlar növbəti mərhələnin zəmanətdir?
Ümumilikdə müsabiqə liderlərə xas kompetensiyaları təyin edir. Bu meyarlar dünya təcrübəsində müasir idarəçilərin iş prinsiplərinə əsaslanır. Yəni, strateji düşünmək, kommunikasiya, dəyişikliklərin tətbiqi bacarığı, innovativliklərin tətbiqi, sosial dəyərlərin təyin edilməsi kimi keyfiyyətlərin öhdəsindən gəlmək fərqliliklə yanaşı, peşəkar üstünlük deməkdir. Əlbəttə ki, “Yüksəliş” yenilikçi liderləri dəstəkləyərək, onlara növbəti nailiyyətlərin əldə olunması istiqamətində yeni komanda ilə birgə addımlamağa imkanlar yaradacaq.